Təhsilsiz qadın "mollalar" yas məclislərində "at oynadırlar" - AÇIQLAMA

 17:41 27.12.2024     443

Bu gün bölgələrdə yas mərasimlərində dini təhsili və rəsmi icazəsi olmayan bəzi qadınlar yas mərasimlərində mollalıq edir. Bəzi məlumatlara görə, hətta onların arasında elələri var ki, uğursuz həyat hekayəsi ilə tanınırlar.

Bəs bu cür adamların yas mərasimlərində insanlara məsləhətlər verməsi nə qədər doğrudur? Axı hər dəfə kişi mollaların fəaliyyəti araşdırılır, onlara dini ayinləri icra etmək üçün icazə verilib-verilmədiyi soruşulur. Qadın "mollalar"a isə "gözün üstə qaşın var" deyən yoxdur. Həmişəki kimi onlar yas mərasimlərində "at oynadırlar". Bəs onlar bunun üçün hansısa dini qurumdan icazə alıblarmı?

Məsələylə bağlı Redaktor.az-ın sualını cavablandıran ilahiyyatçı Tural İrfan hələ də cəmiyyətimizdə bu cür kişi və qadın "mollalar"ın qanunsuz fəaliyyət göstərdiyini bildirdi:

"Ölkədə din xadimlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təyin edir. Əvvəllər bu işi Qafqaz Müsəlmanları İdarəsi aparırdı. Təhsilsiz, savadsız və tərcümeyi-halı ictimai fəaliyyət üçün münasib olmayan qadın və kişi "mollalar" təəssüf ki, hələ də var. Kişilər əsasən qəbristanlıqlarda, qadınlar isə əsasən yas məclislərində "at oynadırlar". Qadınlardan da dini ayinlərin icraçısı vəzifəsinə təyinatlar olur. Lakin oxumuş, savadlı, ixtisaslaşmış ilahiyyatçı qadınların sayı məhduddur. Məhz bu boşluqdan istifadə edənlər asan pul qazanmağın yolunu tapıblar.

Əhalinin dini məlumatının cüzi olmasını fürsət bilən bu dəllallar bir növ dələduzluq edirlər. Ancaq bir məsələ də var ki, bəzən hansısa kəndin, qəsəbənin camaatı belələrinə etimad göstərir, onları dəfnə, yas məclisinə çağırırlar və könüllü olaraq vəsait də ödəyirlər. Hesab edirəm ki, qadın din xadimlərinin tam təhsilli və rəsmi olması üçün kifayət qədər kadr olmalıdır. Tutaq ki, hansısa ucqar rayonda təhsilsiz və məhdud dini savadlı şəxs və ya şəxslər fəaliyyət göstərir və bunu da qadağan edib yığışdırdılar. O zaman tələb olunacaq ki, həmin əraziyə qadın din xadimi cəlb olunsun".

İlahiyyatçı bildirdi ki, bu peşəylə məşğul olanların dini təhsil alması vacibdir və qanunsuz fəaliyyət göstərənlərlə bağlı aidiyyəti qurumlara müraciət etmək kifayətdir ki, onlar barəsində tədbir görülsün:

"Əgər kadr da yoxdursa, başqa rayondan da kimsə ora getmək istəmirsə, bu zaman da əlavə bir problem yaranacaq. Ölkədə Bakı İlahiyyat Kolleci və Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Yaxşı olar ki, bu dini təhsil ocaqlarında qadınlar da dini təhsil almağa gəlsinlər. Fəqət bununla yanaşı, yenə də bölgələrdə namünasib şəxslər dini ayinlər icra edirsə, narazı qalanlar ölkədəki müvafiq qurumlara müraciət edə bilərlər. Əslində bahalı müğənnilər kimi bu kimi şəxslərin fəaliyyətinə əhalinin özü şərait yaradır. Əgər bayağı müğənniyə minlərlə manat ödəyərək toya aparıb məşhur edirlərsə, savadsız, təhsilsiz "mollanı" da yasa aparıb məqama mindirirlər".

Vasif ƏLİHÜSEYN