Matəmə görə baş tutmayan toyların aqibəti necə olacaq?
Məlum olduğu kimi, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Təbii olaraq, həmin gün bütün əyləncəli tədbirlər ləğv olundu. Toylar da həmin tədbirlərdəndir. Məlumdur ki, restoranda gün təyin edərkən, əvvəlcədən beh verilir.
Bəs həmin toyların taleyi necə olacaq?
Mövzu ilə bağlı Redaktor.az bir neçə restoranla əlaqə saxladı.
"Niel Şadlıq Sarayı"ndan bildirildi ki, matəm günü ilə bağlı bütün tədbirlər ləğv olunub. Bu səbəbdən artıq toy günlərinin yeri dəyişdirilərək, yanvar ayına keçirilib.
Digər şadlıq sarayı "Sapfir"dən məlumat verildi ki, bununla bağlı özləri toy yiyələrinə zəng edərək, məlumatlandırıblar:
"Xəbəri eşidik, pis olduq. Ölənlərə rəhmət, yaralılara şəfa diləyirik. Matəm günü elan edildikdən sonra həmən günü toyu olan insanlara zəng vurduq ki, tədbirlər ləğv olunur. Təbii ki, həmin insanlar da bununla bağlı razılıqlarını dilə gətirib, bunun düzgün olduğunu bildirdilər. Toy günləri hələ müəyyən edilməyib. Bu, onların istəyi nəzərə alınaraq salınacaq".
Türkan İSGƏNDƏRLİ