Qətlə yetirilən tələbənin nənəsi jurnalisti məhkəməyə VERDİ
Bu il martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın nənəsi Gülzar Ağayeva jurnalist Vasif Əlihüseyni məhkəməyə verib.
Bu haqda Redaktor.az-a Vasif Əlihüseyn özü açıqlama verib. Jurnalist K.Ağayeva ilə bağlı "Qafqazinfo"da yayımlanan yazıya görə məhkəməyə verildiyini bildirib:
"Dekabrın 7-də "Qafqazinfo" saytında "Könülü öldürdükdən sonra fotosunu sosial şəbəkədə paylaşıbmış" başlıqlı yazı yayımlandı. Yazıda Könül Ağayevanı qətlə yetirən Elvin İsmayılzadəyə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunduğu və onun 19 il 6 ay azadlıqdan məhrum edildiyi bildirilmişdi. Bununla yanaşı, sayt yazıda E.İsmayılzadənin qızı nə üçün öldürdüyünü və mərhumun ailəsi ilə bağlı məsələləri yazmışdı. Bir çox saytlar kimi, mən də yazını rəhbəri olduğum saytda "Qafqazinfo"ya istinadla yayımladım. Yazının üçdə bir hissəsini isə, əsasən şəxsə oxunan hökmü və qızı nə üçün öldürdüyünü "tiktok" səhifəmdə xəbər kimi insanların diqqətinə çatdırdım".
V.Əlihüseyn deyib ki, axşam saat 21:00 radələrində Könül Ağayevanın nənəsi Gülzar Ağayeva ona zəng edərək yazıya görə ailəsini təhqir edib:
"G.Ağayeva mənim ailəm haqqında telefonda təhqiramiz sözlər işlətdi. Amma buna baxmayaraq onun bu təhqirlərinə öz tərbiyəmə uyğun olaraq heç bir sərt reaksiya vermədim. Sadəcə izah etdim ki, yazının müəllifi "Qafqazinfo"dur və bütün saytlar da ordan yazını götürərək istinadla yayımlayıblar. Bura mənlik bir şey yoxdur. G.Ağayeva mənimlə razılaşdı və sonda onun xahişini nəzərə alıb xəbəri "tiktok" səhifəmdən sildim. G.Ağayeva ondan sonra mənə daha iki dəfə zəng vurub nəvəsinin qətli ilə bağlı detalları danışdı. Yaxınlarımın təkidi ilə yazını saytdan da sildim. Bir neçə saat sonra isə G.Ağayevanın yaxınları qohumlarım vasitəsilə xəbər göndərərək məni məhkəməyə verəcəklərini bildirdilər. Bunu səbəbini soruşanda isə dedilər ki, guya yazını digər saytlar "Qafqazinfo"dan deyil, mənim saytımdan götürüblər. Dekabrın 16-da isə mənə Cəlilabad rayon Məhkəməsindən bildiriş göndərildi və öyrəndim ki, G.Ağayeva məni xüsusi ittiham qaydasında məhkəməyə verib və cəzalandırılmağımı tələb edir".
Junalist bu iddianı əsassız hesab etdiyini bildirib:
"İddia ərizəsində yazının müəllifi kimi təqdim olunuram. Bu isə tam əsassızdır. Həmin yazı əksər saytlarda yayımlanıb və heç kim də yazını saytından çıxarmayıb. Amma hansı ki, təsəvvür edin ailəmi təhqir ediblər, yazını saytdan çıxarmışam və üstəlik məni məhkəməyə verib cəzalandırılmağımı da tələb edirlər. Əlimdə kifayət qədər sübutlarım var və bunu məhkəməyə təqdim edəcəm".
Qeyd edək ki, məhkəmənin hazırlıq iclası yanvarın 6-da baş tutacaq. Jurnalist həmkarları Vasif Əlihüseynin məhkəmə proseslərini diqqətdə saxlayacaqlarını deyiblər.