“Qara qutu”ların dekodlanmasına BAŞLANILDI

 11:20 04.01.2025     468

Braziliya Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin uçuş registratorlarını deşifrə etməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Braziliyanın “G1” portalı məlumat yayıb.

“Çıxarılan məlumatlar qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstan Aviasiya Qəzalarının Təhqiqat Departamentinə veriləcək”, - məlumatda deyilir.

Braziliya Hərbi Hava Qüvvələrinin (Força Aérea Brasileira - FAB) mütəxəssisləri “qara qutu”lardakı məlumatları təhlil edəcəklər.

Qeyd edək ki, təyyarənin “qara qutu”ları şifrənin açılması üçün Braziliyaya göndərilib. Belə ki, Braziliya qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır.

Xatırladaq ki, AZAL-a məxsus təyyarə dekabrın 25-də Qroznı üzərində raket atəşinə tutulub və təyyarə Aktau yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlardan 3-ü ekipaj üzvüdür.