Şəhid pilotun xanımından ürəkdağlayan paylaşım - FOTO

 15:25 07.01.2025     453

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları zamanı qəzaya uğrayan MiQ-29 təyyarəsinin həlak olmuş pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.

Redaktor.az xəbər verir ki, o, yaşasaydı, 40 yaşı olacaqdı.

Şəhid pilotun xanımı Könül Hüseynova isə sosial media hesabında birlikdə fotolarını paylaşaraq "Hər zaman qəlbimizdə yaşayan əziz, dəyərli insan" sözlərini yazıb. 

Qeyd edək ki, 2019-cu il iyulun 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hadisə üç təyyarənin qatıldığı təlimin sonuna az qalmış baş verib. Sonra məlum olub ki, Rəşad Atakişiyevin təyyarəsi Xəzər dənizinə düşüb. Qəza nəticəsində pilot Rəşad Atakişiyev itkin düşüb. Yalnız avqustun 19-da təyyarənin "qara qutu"su və pilotun nəşi tapılıb. Ayın 21-də polkovnik-leytenant Atakişiyevin nəşi II Fəxri Xiyabanda dəfn edilib. Ona şəhid statusu verilib. Şəhid pilotumuzun Turqut və Qalib adlı iki övladı yadigar qalıb. 

Xatırladaq ki, R.Atakişiyev politoloq Qabil Hüseynlinin kürəkənidir. 

Vasif ƏLİHÜSEYN 
 

2