Bahalı qəbir daşı qoymaq haramdır, üstünə şəkil çəkmək, şeir yazmaq isə... - İlahiyyatçıdan qalmaqallı AÇIQLAMA

 17:35 09.01.2025     315

Azərbaycanda məzar daşlarına yazı yazmaq qədimdən qalıb. Bu gün isə məzar daşlarına bayağı, mənasız şeirlərin yazıldığının da şahidiyik. Bunu isə çox vaxt şeirdən anlayışı olmayan məzar daşını hazırlayan şəxslər yazır. Artıq bir çox bölgələrimizdə mərhum üçün sifarişli şeir yazan "şair"lərin də peyda olduğu deyilir. 

Bəs məzar daşları üzərinə şeirlərin yazılamasına İslam dininin münasibəti necədir? Ümumiyyətlə, məzar daşları necə olmalıdır?

Redaktor.az-ın sualını ilahiyyatçı Tural İrfan cavablandırdı.

Onun sözlərinə görə, İslam dinində ümumiyyətlə qəbir daşı anlayışı yoxdur:

"İslama görə qəbir üstündə şəkil çəkiləsi, şeir yazılası daşa ehtiyac yoxdur. Sadəcə qəbrin tanınması, itməməsi və ziyarət olunan zaman bir əlamətlə tanınması üçün kiçik nişanə olmalıdır. Bu nişanə dəmirdən, taxtadan, daşdan ola bilər. Xristianlar adətən dəmirdən qoyurlar, bəzi bölgələrimizdə taxtadan edirlər. Bəzi yerlərdə isə şan-şöhrət, yekəxanalıq üzündən nəhəng mərmər qayalar yonub məzarlıqda saraylar tikirlər, qəbirlərin üstündə foto-albom, poeziya yaradırlar. Bu, qətiyyən doğru deyil, dinimizə qarşı hörmətsizlikdir. Qəbir sadə olmalıdır və sadəliyinə görə, digərlərindən fərqli olmamalıdır”.

İlahiyyatçı dedi ki, insanlar bahalı məzar daşlarına on minlərlə, yüz minlərlə pul xərcləyirlər və bu da israfçılıqdır:

“Məzar daşına şeir yazmaq tanınmış şairlər, ictimai xadimlər üçün bəlkə də xarakterikdir. Ya öz şeirini, ya da ona həsr edilmiş şeirdən bir misra mümkündür. Yoxsa bunu hamı üçün adət halına salıb bayağı şeirlər, mənasız sözləri qəbir daşına yazmaq yanlışdır. Qəbristanlıq ədəbiyyat səhnəsi, yaxud rəsm qalereyası deyil. Muzey də deyil. Amma bizim camaatın əksəriyyəti Allaha yox, şan-şöhrətə pərəstiş edir. Allaha inanan adam o boyda daşı, qiymətli mərmərləri xeyli pul verib məzarlığa yığarmı? Əlbəttə, etməz. Allaha imanı olmayan şəxslər axirətə inanmadığı üçün şöhrəti ancaq bu dünyada axtarırlar. Ona görə də ölənlərinin üstünə bahalı daşlar, abidələr, şəkil və şeirlər həkk edirlər. Çünki din xadimlərinin əksəriyyəti saxtakar və ya son zamanlar İran yönümlü agentura şəbəkəsi olub. Qafqaz Müsəlmanları İdarəsi din xadimi təyin edəndə imanına, savadına görə yox, İrana nə dərəcədə bağlılığına görə təyin edirdi. Onlar da xalqa elm, din öyrətmək əvəzinə siyasi təbliğat aparır, xurafat yayır, məzhəbçilik təbliğ edir, ağlaşma məclisləri təşkil edərək fars siyasətini təbliğ edirdilər. Bax, bu zaman 30 ilə qədər çəkdi. Hələ də tam təmizlənməyib. Çünki din xadiminin dəfn, qəbir daşı kimi ənənələrin formalaşmasında rolu böyükdür. Yasda molla nəyi təbliğ edirsə, camaat ona yönəlir. Demək mollalar, din xadimləri düzgün təbliğat aparsaydılar, bu şeylər olmazdı. İran yönlü din xadimlərinin olmadığı bölgə və rayonlarımızda bu qeyd olunan xurafat və israfçılıq demək olar ki, yoxdur. Təmtəraqlı qəbir və qəbrə şeir yazmağı İranı təqib edən mərsiyyəçi mollalar, din xadimləri təbliğ edir. Gərək sağlam din xadimləri də bunun qarşısını almaq üçün təbliğat, maarifləndirmə aparsınlar”.

Tural İrfanın sözlərinə görə, bu dəbdəbəni qəbir daşı biznesi ilə məşğul olan şəxslər edir:

“Qəbrə şeir yazmaq, cürbəcür şəkillər çəkmək qəbir daşı manapoliyasında olanlara sərf edir. Cürbəcür yenilik yaradırlar ki, bahalı daşları kasıb camaata sata bilsinlər. Bahalı qəbir daşı qoymaq haramdır, israfdır və günahdır. Qəbrin üstünə şeir yazmaq, yazdırmaq da İslam dinində yoxdur və bunu edənlər dinə bidət, xurafat gətirmiş olurlar. Ölü üçün sadə və adi bir nişangah qoymaq lazımdır, axirəti üçün də dua etmək lazımdır”.

Vasif ƏLİHÜSEYN