Azərbaycanda iş günləri azaldıla bilər? - AÇIQLAMA

 15:50 13.01.2025     210

Bir sıra ölkələr artıq neçə müddətdir ki, dördgünlük iş həftəsinə keçiblər. Hətta bu yaxınlarda Rusiyanın da həmin ölkələrə qoşulması müzakirə olunur. Dördgünlük iş rejiminin əmək fəaliyyəti və məhsuldarlığı isə sual altındadır. 

Bəs Azərbaycanda iş saatında dəyişikliklər oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisinin deputatı Vüqar Bayramov bildirdi ki, bu mövzu indiki şəraitdə müzakirə edilmir.

"Dördgünlük iş rejiminin tətbiq edilməsi artıq bir sıra ölkələrdə həyata keçirilib. Bəzi ölkələrdə bununla bağlı müzakirələr var və qiymətləndirmə aparılır. Hazırda əsas prioritet qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi və əmək hüquqlarının qorunmasının təmin edilməsidir. Bununla yanaşı, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və özəl sektorun genişləndirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilir.

Vüqar Bayramov əlavə etdi ki, ölkədə bu sahədəki islahatlardakı uğurlar növbəti dövrlərdə yeni müzakirə mövzuları ortaya çıxara bilər.

"Ona görə də hələlik Azərbaycanda dördgünlük iş rejiminin yaradılması müzakirə edilən məsələlərdən deyil. Amma bununla belə, təbii ki, əmək qanunvericiliyin təkmilləşdirilməsi, bütövlükdə xüsusən də məşğulluqda özəl sektorların sayının artırılması ilə bağlı aparılan fəaliyyətlər təbii ki, növbəti dövrdə islahatların daha da dərinləşməsinə gətirib çıxaracaq. Amma gələcəkdə istisna deyil ki, bu istiqamətdə müzakirələrin aparılması mümkün ola bilər".

Türkan İSGƏNDƏRLİ