AZAL-ın üç təyyarəsi dumana görə eniş yerini DƏYİŞDİ
Yanvarın 13-dən 14-nə keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.
Bu barədə Redaktor.az AZAL-a istinadən xəbər verir.
Qeyd olunub ki, təyyarələr Gəncə Beynəlxalq Hava Limanında uğurla eniş edib.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən sərnişinlər lazımi vasitələrlə təmin olunacaqlar: "Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər".
Bundan əlavə, “IrAero” aviaşirkətinə məxsus SU95 tipli Novosibirsk-Bakı reysi təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən kapitanın qərarı ilə ehtiyat hava limanına yönləndirilib.
Qeyd edək ki, Bakı aeroportu ərazisindəki duman səbəbindən bir sıra reyslərin cədvəlinə dəyişikliklər edilib.