Düşmən bizim içimizdədir, millətimizi əxlaqsızlığa sürükləyirlər! - Xalq artisti "od püskürdü"
"Lütfi Zadənin ruhu şad olsun. O, qeyri-səlis məntiq nəzəriyyəsi ilə internet, mobil əlaqələrini yaratdı. Amma bu yaponların, amerikanların adına çıxdı. Bu günlərdə ağır silah, atom bombaları, hidrogen bombaları, şüalardan qorunmaq olar. Onların zərəri gözlə görünən olacaq. Amma ideoloji təbliğat, təxribat silahlarından qorunmaq çox çətin məsələdir. Kütləvi informasiya vasitələri ilə içimizə yeridilən təxribat beşiklərimizdən qəbrimizə kimi davam edir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov televiziya və sosial şəbəkələrdə qeyri-etik hərəkət edənlərdən danışarkən dedi. Onun sözlərinə görə, bu cür hərəkətlər etməklə cəmiyyətdə əxlaqsızlığı təbliğ etməyə çalışırlar.
"Millətə qənim kəsilən, millətin ruhunu zəhərləyən, əxlaqi mənəviyyatını məhv eləyən televiziya kanalları, verilişləri arta-arta gedir. Harada küçə insanları, qoca yaşında ərə getmək istəyən, öz ailəsini, evin tərk edən, körpələrini atanlar var, gecə-gündüz onları təbliğ edirlər. Deyək ki, xarici qüvvələrə əlimiz çatmır, bəs yerli kanallarda niyə monitorinq aparılmır? Demək, burada başqa maraqlar var. Bizi adsız-sansız, tarixsiz, əxlaqsız, mənəviyyatsız başı pozuq bir millət kimi tanıtmaq istəyirlər. Düşmən ocağın başındadır. Hələ müğənniləri demirəm. Əndamı ilə, özünü açıb özünə reklam tutan, sənət yaradan müğənnilərə maraq göstərən, maya buraxan, dəyər verən elə Azərbaycanı çapıb-talayan iş adamlarıdır", - deyə Xalq artisti "od püskürdü".
Türkan İSGƏNDƏRLİ