"Ermənilər atamın qəbrini dağıdıblar" - 20 Yanvar şəhidinin qardaşı - FOTO

 11:05 17.01.2025     233

"Atam 1977-ci ildə vəfat edib və onu Ağdamda dəfn etmişik. Onda mən hərbi xidmətdə idim. Torpaqlarımız işğal ediləndən sonra biz də atamızın qəbrini ziyarət edə bilmədik".

Bunu Redaktor.az-a açıqlamasında 20 Yanvar şəhidi İlham Allahverdiyevin (İlham və Fərizə) qardaşı Elxan Allahverdiyev deyib. O, torpaqlarımız işğaldan azad ediləndən sonra Ağdama getdiyini və dəhşətli mənzərənin şahidi olduğunu bildirib:

"Dostlarla Ağdama getdik və atamın qəbrini tapdım. Ermənilər qəbiristanlıqlarımızda da barbarlıq ediblər. Qəbiristanlıqda olan mərmər daşların hamısını daşıyıb aparıblar. Atamın baş daşını da aşırıb sındırıblar. Nənəmin də qəbrinin məzar daşlarını darmadağın ediblər. Bir sözlə, daş üstdə daş qoymayıblar. Adam baxanda dəhşətə gəlir. Yer üzündə bu cür vəhşi millət var imiş. Müvəqqəti olaraq məzar daşlarına adlarını yazıb nişanə qoydum və inşallah qəbiristanlıqda təmir zamanı baş daşı qoyacağıq". 

E.Allahverdiyev torpaqlarımızın işğaldan azad edildiyinə görə, sevindiyini bildirib:

"Ali Baş Komandan, müzəffər ordumuz və xalq birləşib torpaqlarımızı işağdan azad etdi. Şükür Allaha ki, bu gün ermənisiz bir Qarabağımız var. Buna görə çox qürurlanıram. Otuz ildən sonra torpaqlarımızı işğaldan azad etmək asan məsələ deyildi, amma bunu bizim Prezident bacardı. Torpoaqlarımız uğrunda canından keçən 3 min şəhidimizin ailəsinə səbr diləyirəm, Allah cəmi şəhidlərimizə rəhmət eləsin". 

Vasif ƏLİHÜSEYN 

222