"Oğluma demişəm ki, övladına əminin adını qoyarsan" - Şəhid İlham Allahverdiyevin qardaşı
“Artıq bu il 35 il ötür 20 Yanvar faciəsindən. Bu illər ərzində ancaq İlham və Fərizənin adının yaşadılması üçün təbliğat aparmışam. İndi çox istəyərdim ki, İlham və Fərizənin adına “Sevgililər” parkı salınsın, amma ora gələn gənclərin bəxtləri onlar kimi olmasın. Yeni evlənən cütlüklər də o parkı ziyarət edib, and içsinlər”
Bunu Redaktor.az-a açıqlamasında 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib.
E.Allahverdiyev 30 iyun İlham və Fərizəni toy gününün ölkə səviyyəsində qeyd edilməsini arzuladığını bildirdi:
“Çox istəyərdim ki, həmin gün ölkə rəhbərliyi də Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarını ziyarət etsin və insanlar da bu təşəbbüsə qoşulsunlar. İlhamın adına bir gəmi var, fikrim var ki, o gəmidə bir gəzintini öz hesabıma həyata keçirim və gəncləri ora toplayım. Hər il İlham və Fərizənin adına gödəkçələr, dəftərlər, kalendarlar çıxartdırıb insanlar arasında yayırıq ki, onların adı yaşasın”.
O, övladlarına da tapşırıqlarını verdiyini deyib:
“Övladlarıma demişəm ki, bizim ailəni simvolik ailə kimi qoruyub, saxlayın. Ona görə sizin davranışlarınız nümunəvi olmalıdır. Oğlumdan xahiş etmişəm ki, sən evlənəndə ola bilsin olmaram, oğlun olsa əminin, qızın olsa anamın adını qoyarsan. Çünki onların adı yaşamalıdır. Bir də demişəm ki, həyatda da əminə görə hamıya yaxşılıq elə”.
E.Allahverdiyev deyib ki, yaşadığı ərazidə İlham və Fərizənin adına bulaq tikdirib:
“Bulaq tikdik və istəyim o olub ki, ordan keçən bir adam bir qurtum su içsə, əl-üzünü yusa ölənlərimin ehsanı olsun. Sabah saat 11:00-da həmin bulağın açılışını edəcəyik”.
Vasif ƏLİHÜSEYN