“20 Yanvar müstəqil dövlətçiliyimizin başlanğıcında xalqımız üçün bir sınaq oldu”
“20 Yanvar faciəsinin simvoluna çevrilmiş İlham və Fərizənin bulaq kompleksinin açılışında iştirak edirik. İlham və Fərizə artıq çoxdan öz ailələrinin, nəsillərinin, el-obasının çərçivəsindən çıxıblar. Onlar bu gün Azərbaycan xalqının bir tanınma nişanına çevriliblər. Hesab edirəm ki, onlar bəşəriyyətin bir igidlik, sevgi, öz torpağı, azadlığı üçün mübarizə simvoluna çevriliblər”.
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə 20 Yanvar şəhidləri İlham və Fərizə haqda danışarkən deyib.
O, deyib ki, kaş 20 Yanvar faciəsi olmayaydı və İlham və Fərizə əfsanəsi yaranmayaydı:
“Onlar bir xoşbəxt Azərbaycan ailəsi olardılar, xoşbəxt bir həyat sürərdilər. Ancaq sanki talelərinə onların bu qəhrəmanlığı etmək yazısı yazılmışdı. 20 Yanvar müstəqil dövlətçiliyimizin başlanğıc tarixində Azərbaycan xalqı üçün bir sınaq oldu. Azərbaycan xalqı bu sınaqdan uğurla çıxdı. Çox təəssüf ki, qurbanlarla başa gəldi. Əli və Bəxtiyarın adı çəkildi. Sonradan 20 Yanvar, Xocalı və digər faciələr baş verdi. Bütün sınaqlardan çıxaraq bu gün Azərbaycan qürurla deyə bilər ki, ərazi bütövlüyümüzü təmin edib, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan dövləti müstəqil bir dövlət olmaq bacarığını sübut etdi. Biz sübut etdik ki, Azərbaycan xalqı öz dövlətini özü qura bilir. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev kimi dünya tarixinin nəhənglərindən birini tarixin səhnəsinə çıxardı və onun siyasəti ilə müstəqilliyini möhkəmləndirdi. Azərbaycan xalqı cənab Prezidentimiz kimi bu gün dünya siyasətinin parlaq simalarından birini tarixin səhnəsinə çıxardı və onun rəhbərliyi altında günü-gündən uğurlar qazanır və dünya Azərbaycanla hesablaşmalı olur. Hesab edirəm ki, bu gün İlham və Fərizənin və bizim onminlərlə şəhidlərimizin ruhu şaddır. Onlar Azərbaycanın müstəqilliyinin qurulduğunu hiss edirlər. Biz onların ruhu qarşısında baş əyirik”.
Vasif ƏLİHÜSEYN