Azərbaycanda öz qanını satmaq istəyənlər var - Qan Bankından reaksiya

 10:29 21.01.2025     168

Sosial şəbəkədə vətəndaş öz qanını ödəniş müqabilində satmaq istədiyini elan edib. Elana şərh yazan izləyicilər həmin şəxsə Mərkəzi Qan Bankına müraciət etməyi məsləhət görüblər.

Bəs Mərkəzi Qan Bankında vətəndaşdan ödəniş qarşılığında qan qəbul edilirmi, belə müraciətlər varmı? Əgər qəbul edilirsə, ödəniş nə qədərdir?

Redaktor.az xəbər verir ki, modern.az saytı bu və digər sullarla Respublika Qan Bankına müraciət edib.

Qan Bankından sorğumuza cavab olaraq bildirilib ki, hazırda ödəniş qarşılığında vətəndaşdan qan qəbulu halları mövcud deyil.

"Qanunvericiliklə belə qan donorları Qan Bankı tərəfindən qəbul edilmir. Bunun mənfi cəhətləri aşağıdakılar göstərilir:

Ödəniş qarşılığında qan verən şəxslərin sağlamlıq göstəriciləri bəzən düzgün yoxlanılmaya bilər. Həmin donorlar bəzi hallarda tibbi şərtləri gizlədə bilər, bu da infeksion xəstəliklərin ötürülməsi riskini artırır.

Eyni zamanda ödənişli qan qəbulu təmənnasız donorluğun təşviqinə maneədir. Ödənişli donorluq cəmiyyətdə könüllü donorluq mədəniyyətini zəiflədə bilər. Xeyriyyəçilik prinsiplərindən uzaqlaşma, cəmiyyətdə mənfi ictimai fikir formalaşdıra bilər.

Maddi maraq üçün tez-tez qan vermək şəxslərin sağlamlığına mənfi təsir göstərə bilər. Qan tez-tez bərpa olunmalıdır və bu donorun ümumi sağlamlığına zərər verə bilər.

Ödəniş qarşılığında qan donorluğu, xüsusilə sosial və iqtisadi baxımdan zəif təbəqələri mənfi təsir altına sala bilər, çünki bu insanlar məcburiyyət qarşısında qan vermək qərarı qəbul edə bilərlər”.

Qurumdan deyilib ki, Azərbaycanda qan donorluğu məsələsi qanunvericiliklə tənzimlənir və bu məsələyə dair əsas hüquqi sənəd "Qan və onun komponentlərinin donorluğu haqqında" Qanun və əlaqəli normativ-hüquqi aktlardır.

Qeyd edilib ki, Azərbaycan qanunvericiliyinə görə, qan və qan komponentlərinin donorluğu əsasən könüllü və ödənişsiz əsaslarla həyata keçirilir:

"Qanunvericilikdə qeyd olunur ki, könüllü qan donorluğu insanın öz iradəsi ilə, maddi maraq güdmədən, xeyriyyəçilik prinsiplərinə əsasən edilir.

Ona görə də Mərkəzi Qan Bankında qan vermək əsasən könüllülük prinsipi əsasında təşkil edilir”.

Maraqlıdır 2024-cü ildə mərkəzə vətəndaşlar tərəfindən nə qədər qan verilib?

Respublika Qan Bankının qan donorluğu ilə bağlı rəsmi məlumatlarına əsasən, 2024-cü ildə ümumilikdə 126 148 nəfər donor qan ianə edib. Bunlardan 114 257 nəfəri könüllü qan donorlarıdır. Qalan donorlar təkrar olaraq qan verib:

"Azərbaycanda qan donorluğunun əsas istiqaməti könüllü donorluğun inkişaf etdirilməsidir. Bunun səbəbi aşağıdakılardı:

- Könüllü donorluğun təhlükəsiz, etik və daha davamlı olması;

- İnsanların sağlamlığını qorumaq və təmənnasız xeyirxahlığı təşviq etmək”.

Qeyd edilib ki, Səhiyyə Nazirliyi və Respublika Qan Bankı əsas diqqəti könüllü və pulsuz qan donorluğunun təşviqinə yönəldir. Dövlət qanunvericiliyində könüllü qan donorluğunun genişləndirilməsi üçün əlavə təşviq mexanizmləri və maarifləndirmə işləri aparılır.