Azərbaycanda hacı olmaq BAHALAŞDI: 10 min manatdan çox pul lazımdır
Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Qeyd edək ki, ötən il kvota 1500 nəfər olub.
Redaktor.az xəbər verir ki, kvota azaldılsa da, Həcc ziyarətinin qiyməti artırılıb.
Belə ki, bu il Həcc ziyarətinin 5 950 ABŞ dollarına başa gələcəyi açıqlanıb. Bu, ötən ilə müqayisədə 100 dollar artıqdır. Beləliklə, Həcc ziyarətinə getmək istəyənlər hazırkı məzənnə ilə 10 115 manat pul ödəməlidir.
Ümumilikdə, pandemiyadan əvvəlki dövrlə müqayisədə Azərbaycandan Həcc ziyarəti bahalaşıb. 2018-ci ildə Həcc ziyarətinin qiyməti 4150 dollar, növbəti il 4285 dollar olub. 2020 və 2021-ci illərdə pandemiyaya görə ziyarət təşkil olunmayıb. 2022-ci ildə 5356, 2023-cü ildə 5750 manat olub.
Artımın səbəbləri məlum deyil. 2023-cü ildə Qafqaz Müsəlmanları İdarəsi bahalaşmanı müharibələrlə əlaqələndirib. “Dünyada müharibə səbəbindən ərzaq məhsullarının qiyməti bahalaşıb. Bu isə hotellərdə qiymətlərin artmasına təsir göstərib. Müharibə fonunda dünyada baş verən iqtisadi böhranlar qiymətləri bahalaşdırıb", - İdarə rəsmisi Vüsal Cahangiri həmin dövrdə mətbuata açıqlamasında bildirib (modern.az).