"Onlar xalqın tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazdılar" - Millət vəkili
“Hadisələrin xronikasına baxanda düşünürəm ki, dünyada ən çox əzablara, faciələrə, müsibətlərə məruz qalmış xalqlardan biriyik. Yəni təkcə ötən əsrdə Azərbaycan dəfələrlə soyqırıma məruz qalıb. Azərbaycan xalqı dəfələrlə deportasiyalara məruz qalıb. Bu hadisələr zamanı çox dəyərli qardaş və bacılarımızı itirdik”.
Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, bu faciələr bizim üçün itki olsa da, bizi daha da möhkəmləndirib, həmrəy edib:
“Burada da ən təsirli hadisələrdən biri 20 Yanvar hadisələridir. Tankın, topun qarşısına əliyalın çıxıb mübarizə aparmaq ayrıca bir qəhrəmanlıqdır. Çünki o insanlar bilirdilər ki, qarşıdan gələnlərin əlində silah var, amansızcasına onları qətlə yetirə bilərlər. Bütün bunlara baxmayaraq, onlar bu qəhrəmanlığı göstərdilər, öz münasibərlərini, mövqelərini ortaya qoydular və Azərbaycan xalqının tarixində yeni qəhrəmanlıq səhifəsini və salnaməsini yazdılar. Deyirlər ki, şəhidlər o zaman ölür ki, onlar unudulur. Bu gün bizim xalqımızın böyüklüyü ondan ibarətdir ki, şəhidlərimizi unutmur, onları hər zaman xatırlayır. Hər il Azərbaycan xalqı 20 Yanvar günü öz mövqeyini, münasibətini bir daha ortaya qoyur, bunu açıq şəkildə bildirir”
Ceyhun Məmmədov 20 Yanvar şəhidləri İlham və Fərizənin sevgi dastanı haqda film çəkilməsinin vacib olduğunu bildirib:
“Azərbaycan xalqının ən çox danışdığı iki şəxsdən biri də İlham və Fərizədir. Bu hadisənin daha da təsirli olması üçün həqiqətən də bir filmin çəkilməsinə ehtiyac var. Bu, bir sevgi dastanıdır, ülvi hissin təsviridir və Azərbaycan tarixinə də, gənclərinin həyatına bu formada keçib”.
Vasif ƏLİHÜSEYN