""Reket jurnalistika"ya qarşı mübarizə aparmaq çox vacibdir" - Qulu Məhərrəmli

 11:30 25.01.2025     281

“Əlbəttə, “reket” məsələsi jurnalistika deyil. İnsanları hədələmək, pul qoparmaq məqsədi ilə onlara ifşaedici materiallar olduğunu bildirmək kriminal hadisədir. Mətbuat azadlığı mövcud olandan o xətt də həmişə mövcud olub”

Bunu Redaktor.az-a açıqlamasında professor Qulu Məhərrəmli “reket jurnalistika” haqda danışarkən deyib.

Onun sözlərinə görə, vaxtilə hətta Mətbuat Şurasında “reket jurnalistlər”ə qarşı xüsusi komissiya da olub:

“Bir ara bu proseslər səngimişdi, amma indi bu yenidən müxtəlif formalarda üzə çıxır. Çünki media, texnologiya daha təsirli mərhələyə çatıb, şantaj imkanları üzə çıxdıqca, bu məsələdən faydalananlar da olur. Ona görə də bu cür adamlara qarşı mübarizə aparmaq çox vacib və önəmlidir”.

Professor deyib ki, amma tənqid yazan  jurnalistlərə “reket” adıyla  təzyiq göstərmək olmaz:

“Yəni bunların arasındakı fərqi çox ciddi şəkildə görmək lazımdır. Amma bütövlükdə “reket jurnalist”lərə qarşı mübarizə aparılmalıdır, çünki o mətbuatı həqiqi mənada gözdən salır. Bunun birbaşa jurnalistikaya aidiyyatı yoxdur və kriminal hadisə olduğuna görə buna qarşı mübarizə aparılmalıdır”.

Qeyd edək ki, sosial mediada, yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloger-jurnalist adı altında pul tələb edən Cəlilabad rayon Muğan kənd sakini Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vasif ƏLİHÜSEYN