"Qərb dövlətləri Quranın yandırılmasına son qoymalıdır" - İlahiyyatçı

 15:50 30.01.2025     219

“İsveçdə müqəddəs Qurani - Şərifi yandıraraq təhqir edən şəxsin öldürülməsi hadisəsi ilə əlaqədar onu qeyd etmək lazımdır ki, burada əsl cinayətkarlar həmin şəxsi təxribata cəlb edib sonra da qurbana çevirən Qərbin gizli səlibçi dairələridir”.

Bunu Redaktor.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan Quran yandırma aksiyalarının təşkilatçısı Salvan Momika Stokholm haqda danışarkən deyib.

İlahiyyatçının fikrincə, həmin şəxs məqsədli şəkildə bu işə cəlb edilmişdi və ona görə də törətdiyi əmələ görə ciddi məsuliyyətə cəlb edilməmişdi:

“Əvvəlcə özləri yandırırdı, indi artıq müsəlmanlardan ələ aldıqları şəxslərə bu işi icra etdirirlər. İslama və müsəlmanlara qarşı nifrəti və düşmənçilik xarakteri daşıyan bu əməl daha böyük qarşıdurmalara gətirə bilər. Heç bir müsəlman ölkəsində Tövratı, İncili yandırmaq ənənəsi yoxdur. Yandırmaq Qərbin adətidir. Orta əsrlərdə alimləri, filosofları da tonqalda yandırıblar. Cordano Brunonu da Qərbə yandırıblar. İnanclara, başqa dinlərə qarşı dözümsüz yanaşmaq və əsasən də müsəlmanlara qarşı siyasi nifrətin təzahürü kimi bu olaylar meydana çıxır.

Quranı təhqir etmək məqsədi ilə yandırmaq və buna təhrik etmək, şərait yaratmaq hamısı cinayət və böyük günahdır. Qərbdə Fransa, İsveç, Almaniya və başqa dövlətlərdə hələ də səlibçilik ideyasında olan siyasi fikirli qruplar var ki, bunlar dövlətdə də təmsil olunurlar. Əsasən Türkiyə başçılığında olan İslam aləminin yenidən dirçəlməsindən narahatdırlar. Lakin İslam və müsəlmanlar heç zaman Qərbə təhlükə yaratmayıb. Qərb dövlətləri Quranın yandırılmasına son qoymalıdır.

Müqəddəs kitabını müsəlmanın əli ilə yandırıb, indi də müsəlmanları bir-birinə qarşı qaldırırlar. İsveç normal dövlət olsa, orada bu kimi təxribatçı planlar icra olunub dünyada ikrah yaratmaz. Demokratiya ilə özbaşınalıq fərqli anlayışlardır. Məqsəd isə quranyandırma aksiyasını adi hala çevirərək müsəlmanların qürurunu, müqəddəratınını aradan aparmaqdır. Məsələn, ABŞ keçmiş İraq prezidenti Səddam Hüseyni İranın əli ilə sırf Qurban bayramı günü asmaqla əslində dünya müsəlmanlarının qururuna sataşdı ki, sonra belə hallar adiləşsin. Eyni zamanda müsəlmanlar arasında nifaq dərinləşsin. Bu kimi ideoloji təxribatlar Qərbin gizli dairələri tərəfindən idarə olunur”.

Vasif ƏLİHÜSEYN