Bu ərazilərə də "Böyük Qayıdış" olacaq - Deputatlar DANIŞDI
2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən sonra işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur bölgələrinə vətəndaşların təhlükəsiz və davamlı şəkildə qayıdışı üçün dövlət genişmiqyaslı layihələr həyata keçirir. Həmin ərazilərdə yaşayış yerləri, yol, məktəb, bağça, iş yerləri və digər vacib işlər görülüb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisdə Cəbrayıl rayonunu təmsil edən deputat Ceyhun Məmmədov bildirdi ki, Qarabağa köç edən vətəndaşların rahat məskunlaşması üçün dövlət hər cür şərait yaradır:
"Bu gün deyə bilərik ki, Qarabağda köç ən sürətli formada həyata keçirilir, quruculuq və abadlıq işləri sürətli formada baş tutur. Bu gün artıq Cəbrayılda da köç var və sakinlər artıq öz doğma yurdlarına köçüb, orada yaşayırlar. Cəbrayılda 33 bina inşa olunub və artıq 700-dən artıq ailə köçüb. Bu gün Cəbrayılda yollar təmir olunub və ya yenidən qurulub, dəmiryolu xətti ən yüksək formada inşa olunur, elektrik təchizatı yüksək səviyyədədir. İnsanların məskunlaşmasına nail olmaq üçün gərəkən bütün addımları dövlət atır. Buna görə tədbirlər dövlətimiz tərəfindən təmin olunur, həyata keçirilir. İnsanların məskunlaşması üçün lazımlı olan tədbirlər ardıcıllıqla və məqsədyönlü şəkildə atılır. Bu da onu deməyə əsas verir ki, bu gün quruculuqla, abadlıqla bağlı lazım olan hər bir məsələ dövlətin diqqətində, nəzərindədir. Cəbrayılın mərkəzində məktəb, bağça inşa olunub, digər infrastruktur layihələri də düzəlir. Şükürbəyli, Mahmudlu kəndləri yenidən qurulur, inşa olunur".
Xocalıdan olan Milli Məclisin deputatı Elman Məmmədovun sözlərinə görə, yaxın vaxtlarda bu proses daha da sürətlənəcək.
"Hazırda Xocalı rayonunda "Böyük Qayıdış"la bağlı işlər gedir. Yaşayış məntəqələrinə, Xocalı şəhərinin özünə və Xocalı rayonunun kəndlərinə əhalinin köçürülməsi prosesi davam edir. İndiyə qədər Xocalı şəhərinin özünə və Xocalı rayonunun Ballıca kəndinə köç olub. Yaxın vaxtlarda başqa yerlərə də köçkün olması gözlənilir. Şəhərin özünə, Ballıca, Badara, Təzəbinə, Naxçıvanlı, Seyidbəyli, Xanyurdu, Şuşakəndə və bir neçə başqa kəndlərə böyük qayıdış gözlənilir. Yəqin ki, üzümüzə gələn aylar ərzində hamımız bunun şahidi olacağıq".
E.Məmmədov bildirdi ki, deputat kimi təmsil olunduğu Ağdam rayonu üçün də məlumatlar var.
"Gözlənilir ki, yaxın aylar ərzində Ağdam rayonunun Xıdırlı, Sarıcalı, Kəngərli kəndlərinə "Böyük Qayıdış", köç olacaqdır. Yəni əhalinin qayıdışı üçün işlər görülür. Bu, təkcə mənzillərin tikintisi ilə bağlı deyil, eyni zamanda əhalinin məşğulluq məsələləri də çox ciddi şəkildə nəzərə alınır. Burada yeni iş yerlərinin yaradılması, təhlükəsizlik məsələləri, bütün infrastrukturların yaradılması, yüksək səviyyədə təmin olunması, elektrik enerjisi, qaz təminatı, su təminatı, rabitə məsələləri, yol tikintisi işləri kompleks şəkildə paralel olaraq aparılır. Bu il, 2025-ci ildə çox sayda əhalimizin qayıdışı gözlənilir və olacaq. Mən də gözləyirəm ki, evlərimizin işləri tezliklə başa çatsın, doğma yurdumuza gedim", - deyə millət vəkili qeyd etdi.
Türkan İSGƏNDƏRLİ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"" mövzusunda dərc olunub.