“Rəsulzadənin dövlətçilik istiqamətində irsi öyrənilməlidir” - Qulu Məhərrəmli
“Tarix yaddaşında həmişə qlobal ideyaların müəllifi və daşıyıcısını saxlayır. Bu mənada Məhəmməd Əmin Rəsulzadə Azərbaycan istiqlalının yaradıcıs, istiqlal məfkurəsinin daşıyıcısı kimi tarixdə qalmış çox böyük görkəmli şəxsiyyətdir”.
Bunu Redaktor.az-a açıqlamasında professor Qulu Məhərrəmli Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 141 illiyi ilə bağlı danışarkən deyib.
Q.Məhərəmmli deyib ki, onun adıyla çox şey bağlıdır:
“Birinci növbədə Azərbaycan xalqının milli mübarizəsi, milli özünüifadəsinin məhsulu olan Azərbaycan Cümhuriyyətinin yaradılması, daha sonra görkəmli publisist, kultroloq Azərbaycan üçün bir çox dəyərləri yaratmış böyük şəxsiyyət. Biz əlbəttə ki, M.Ə.Rəsulzadəni ildönümündən-ildönümünə deyil, ilin hər günündə oxumalı, öyrənməli, ibrət dərsi almalıyıq. Biz M.Ə.Rəsulzadə üçün çox şey etmişik, xalq olaraq onun əsərlərinin toplanması, çapı, elmi-biqorafiyasının hazırlanması, ayı-ayrı əsərlərinin təbliği istiqamətində xeyli işlər görülüb. O baxımdan burda çox görkəmli alimlərimizin adlarını hörmətlə xatırlamağa dəyər”.
Professor M.Ə.Rəsulzadəylə bağlı qarşıda görüləsi işlərin də olduğunu bildirib:
“Birinci növbədə M.Ə.Rəsulzadənin irsinin mükəmməl bir şəkildə akademik nəşri çap olunmalıdır. Düzdü, bizim Şirməmməd müəllim (Şirməmməd Hüseynov) onun əsərlərinin beş cildini hazırlayırdı, digər alimlər bəzi işləri görüblər. Amma ümumiyyətlə əsərlərinin ümumi küliyyatı sistemli şəkildə təqdim olunmayıb. Ona görə də bu istiqamətdə işlər görülməlidir. M.Ə.Rəsulzadənin ayrı-ayrı sahələrdə, xüsusən də dövlət, dövlətçilik istiqamətində, demokratiya ənənələri ilə bağlı irsi ayrıca öyrənilməli və təbliğ olunmalıdır. Onun hər bir əsəri sanki bu günümüz üçün yazılıb. Onun Qafqaz geopolotikasıyla, Ukrayna-Rusiya münasibətləri, Avropada demokratiyanın taleyi, insan azadlığı ilə bağlı fikirləri bu gün üçün də çox aktualdır. Hesab edirəm ki, biz M.Ə.Rəsulzadənin demokratik, dövlətçilik irsini öyrənmək və onu indiki Avropa dəyərləri kondeksində təbliğ etməliyik. Yəni bunlar hamısı çox ciddi vəzifələrdir və bunun üçün sistemli iş aparılmalıdır”.
Vasif ƏLİHÜSEYN