Fevral ayı necə keçəcək?

 13:14 01.02.2025     75

Əvvəlcədən proqnozlaşdırıldığı kimi hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması nəticəsində inversiya dumanı formalaşır.

Redaktor.az xəbər verir ki, bunu ekologiya və təbii sərvərlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Nazir müavini bildirib ki, ötən günlərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcə isti qeydə alınıb:

"Ötən gün iqlim normasından 6.7 dərəcə yüksək olub. İqlim normasından yüksək temperatur rejimi regionlarda da qeydə alınır. Əsasən sakit küləksiz havada həm də inversiya qatının yaranması dumanlı hava üçün əlverişli şərait sayılır.

Hazırda Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir".

O qışın sərt keçməsi haqqında verilmiş proqnozlara aydınlıq gətirib:

"Bu, ölkənin rəsmi qurumunun məlumatı deyildi. Faktiki müşahidələr də bu kimi fərziyyələrin təsdiqini tapmadığı haqqında xəbər verir. Belə ki, dekabr və yanvar aylarında orta aylıq temperatur normadan 1.2 dərəcə yuxarı olub.

Fevral ayının ilk günlərində normadan nisbətən yüksək temperatur rejimi davam edəcək".

"Əlbəttə, hər il olduğu kimi soyuq dövrlər fevral ayı ərzində istisna edilmir və əhaliyə bu barədə 3-4 gün öncədən xəbərdarlıqlar təqdim olunur. Fevral ayının birinci ongünlüyünün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, yağıntılı olacağı proqnozlaşdırılır.

Müxtəlif hava saytları mövcuddur və bəzi hallarda orada təqdim olunan məlumat, rəsmi orqanın məlumatından fərqli olur. Buna görə daha dəqiq məlumatları meteo.az mobil tətbiqindən əldə etmək mümkündür",- deyə o əlavə edib.