Azərbaycan gəncliyi ölkəmizin inkişafının sağlam və möhkəm bünövrəsidir

 16:37 02.02.2025     95

Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir”.

Ümummilli Lider Heydər Əliyev

“Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur”.

Prezident İlham Əliyev

Fevralın 2-si ölkəmizdə Gəncləri Günü qeyd olunur. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq sərəncama əsasən, MDB və Şərqi Avropa regionu ölkələri arasında ilk dəfə Azərbaycanda Gənclər Günü kimi təsis olunub. Azərbaycan gəncliyi 28 ildir ki, bu tarixi günü dövlət səviyyəsində təntənəli şəkildə qeyd edir. Gənclərimiz ictimai-siyasi, elmi-mədəni proseslərin önündə getməklə həm də milli dövlətçiliyin inkişafında müstəsna töhfə verirlər.

Azərbaycanda gənclər hərəkatının ən mühüm və şərəfli mərhələsi Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev hələ ölkəmizdə rəhbərlik etdiyi ötən əsrin 70‒80-ci illərində Azərbaycan gənclərinin hamisi, əsl dostu və qayğıkeşi olub. Ümummilli Liderin zamanı qabaqlayan ideyaları milli gənclik nəslinin yetişməsində, müstəqil məfkurənin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Onun müəllifi olduğu azərbaycançılıq ideologiyası gənclərin milli şüurunda müstəqil dövlətçilik ideyasının inkişafı və cəmiyyətimizdə həmrəyliyin təmin olunmasında, milli gücün artmasında əvəzsiz rol oynayıb. Onun əsasını qoyduğu milli gənclik strategiyası Azərbaycan gənclərinin təhsil, elm, ictimai həyatın bütün sahələrində xüsusi rolunun artmasına səbəb olub, 70‒80-ci illərdə ittifaq və xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilən gənclər milli intibahın, müstəqil dövlət irsinin mənbəyini və sarsılmaz dayaqlarını təşkil edirdi.

Təəssüf ki, Ulu Öndərin hakimiyyətdə olmadığı 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan gəncləri arxa-dayaqsız qaldı, gənclər siyasəti unuduldu. Hətta həmin illərdə ağır sosial-iqtisadi vəziyyət, Ermənistanla davam edən müharibə və ölkədəki müxtəlif qüvvələrin siyasi təxribatları və kənar ideoloji təsirlərin artması gənclərin vahidliyini pozmuş, onların bir hissəsinin xarici, qeyri-milli ideoloji təsirlər altına düşməsi təhlükəsini meydana çıxardı.

Belə bir mürəkkəb şəraitdə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra gəncləri vahid amal ətrafında yenidən birləşdirməyə müvəffəq oldu. Gənclərin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsində aparıcı qüvvə olmasını, onlara ayrı-ayrı siyasi partiya və qurumların deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunmasını anlatdı.

Beləliklə, Heydər Əliyev işıqlı və aydın strategiya ilə gəncləri müstəqil Azərbaycanın milli gücü, enerjili qüvvəsi kimi milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 70-ci illərdə əsası qoyulmuş tarixi ənənəni bərpa etdi, həmin illərdə ölkəmizin saysız problemlərinin olmasına baxmayaraq, Ulu Öndər gərgin iş qrafikində vaxt taparaq ilk görüşlərindən birini məhz gənclərlə keçirdi. Bu onun gənclərə olan böyük etimadı, xüsusi diqqətinin nümunəsi idi.

Açıq dialoq şəraitində keçirilən həmin görüşdə Heydə Əliyev gənclərin problemlərini, arzu və istəklərini diqqətlə dinləyərək həlli istiqamətində təxirəsalınmaz qərarlar verdi. Onun imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılmasını təmin etdi, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyənləşdirdi.

Azərbaycan gənclərinin yenidən təşkilatlanması və müstəqil respublikamızda gənclər hərəkatının əlaqələndirilməsi məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin yaradılması gənclərlə bağlı dövlət siyasətinin vahid və koordinasiyalı həyata keçirilməsində yeni mərhələ açdı.
1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin Birinci Forumunun keçirilməsi respublikanın həyatında müstəsna əhəmiyyətə malik bir hadisə oldu. Forum müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində gənclərin fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də Forum nümayəndələrinin bir qrupu ilə görüşən Heydər Əliyev həmin gün imzaladığı sərəncamla fevralın 2-sini Azərbaycanda Gəncləri Günü elan etdi.

1999-cu il martın 2‒3-də Azərbaycan gənclərinin keçirilən İkinci Forumu daha mühüm ictimai hadisə kimi əlamətdar oldu. Tədbirdə Birinci Forumdan ötən 3 il ərzində görülmüş işlərin hesabat və yekununu əks etdirməklə, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə düşən böyük vəzifələri müəyyən edildi.
Həmin Forumdan sonra gənclərin respublikanın ictimai-siyasi həyatında fəal iştirakı daha da artdı, eləcə də dövlət orqanlarında müxtəlif yüksək vəzifələrdə gənclərin təmsilçiliyi genişləndi. Dövlət hakimiyyəti və idarəetmə orqanlarının gənclərlə iş üzrə əlaqəli və məqsədyönlü fəaliyyət konsepsiyası həyata keçirildi.

Ulu Öndərin 29 iyul 1999-cu il tarixdə imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərmanı isə gənclər siyasətinin həyata keçirilməsi sahəsində yeni prioritetləri müəyyənləşdirdi. Gənclər siyasəti ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq, respublikanın ictimai-siyasi həyatında və dövlət quruculuğunda gənclərin iştirakına daha əhatəli imkanlar yaradıldı, onlar daha məsul vəzifələrə irəli çəkildi.

Ulu Öndər gənclərlə daim ünsiyyətdə olur, müntəzəm görüşür, müvafiq qurumlardan onlara bütün zəruri tədbirlərin görülməsini tələb edirdi. O, dövlətin maddi imkanları hesabına xaricdə təhsil alan gənclərə valideyn qayğısını davam etdirdi. Məhz bu qayğıkeş və müdrik siyasətin 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən çox azərbaycanlı gəncin təhsil alması gerçəkləşdi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə böyük vəsait ayrılmışdı.

Ulu Öndər istedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək, onlara daha böyük stimul vermək məqsədilə ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə görüşür, dəyərli tövsiyələrini verirdi. Həmin gənclərə “Prezident təqaüdü”nün verilməsi isə Liderin təhsilə və elmə böyük və xüsusi diqqətinin nümunəsidir.

Azərbaycan gənclər hərəkatında yeni və geniş dalğanın yaranması cənab İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Dövlət başçısı gənclər siyasətini daha da inkişaf etdirdi, gənclərin rifahına xidmət edən əsas Dövlət Proqramları qəbul edildi. 2007-ci il “Gənclər ili” elan olunması gənclər hərəkatında yeni ruh və stimul verdi.

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiqlənməsi, Gənclər Fondunun yaradılması gənclərin inkişafında və sosial həyatında mühüm rol oynadı. Fond ötən illərdə saysız layihələrə dəstək verib gənclər və gənclər təşkilatları tərəfindən hazırlanmış 680-dən çox layihəni maliyyələşdirib, eyni zamanda, 286 min 760 gənci əhatə edən 1450-dən çox tədbir həyata keçirib, 52 qurum və təşkilatla əməkdaşlıq edib. Həmçinin, Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdir. Eləcə də, Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunmasında mühüm rol oynamaqdadır.

Prezident İlham Əliyevin gənclərə böyük hörmət və diqqətinin ən bariz nümunələrindən biri 2013-cü ildə ölkəmizdə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsidir. Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclərə verilən Prezident Mükafatı onların yaradıcılıq ruhunu, motivasiyasını daha da gücləndirir.

Dövlət başçısı Ulu Öndərin əsasını qoyduğu ənənəni inkişaf etdirərək gənclərin xaricdə təhsilinə dövlət qayğısını genişləndirir. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi geniş vüsət alır. Dövlət başçısının 2017-ci il aprelin 16-da imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan gəncləri dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında yeni-yeni biliklərə sahib oldular və qazanılan bu bilik və təcrübəni bu gün də ölkəmizin inkişafı və çiçəklənməsi yolunda Prezidentimizin apardığı siyasətə dəstək naminə sərf edirlər.

Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənib. Hazırda icra edilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələrində təhsil alması təmin edilməkdədir.

İstedadlı və xüsusi bacarığı olan gənc kadrların irəli çəkilməsi də dövlətin xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasında innovativ ideya kimi mühüm yer tutmaqdadır.

Azərbaycan gəncləri həm də beynəlxalq idman yarışlarında üçrəngli bayrağımızı yüksəltməklə, himnimizi qlobal arenada səsləndirməklə xalqımıza milli qürur yaşadır. Bu nailiyyətlərin hər birinin arxasında isə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin onlara xüsusi qayğısı dayanır. Məhz onun tapşırığı ilə inşa edilmiş 50-yə yaxın Olimpiya İdman Kompleksləri, idman meydanları gənclərin yetişməsində mühüm rol oynayıb. Azərbaycan həm də dünyada güclü idman dövləti kimi özünü təsdiqləyib. Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində bir ilk kimi həkk olunub.

Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi İlham Əliyevin yürütdüyü gənclər siyasətində ən önəmli yeri tutur. Gənclərin milli ruhda tərbiyə edilməsi onların dövlətin ərazi bütövlüyü uğrunda fədakarlığını, qəhrəmanlığını təmin etdi. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin qazanılmasında milli ruhda böyüyən gənclərin xüsusi əməyi vardır. Vətən müharibəsində iştirak edən gənc əsgər və zabitlərimiz “Vətən” deyərək daim irəli getdilər, torpaqlarımızın son qarışınadək işğaldan azad edilməsi üçün canlarından keçdilər. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Həmin hərbçilər Azərbaycan müasir Milli Ordu quruculuğunun banisi olan Heydər Əliyevin və peşəkar, nümunəvi Ordunun özəyini təşkil edən sağlam əqidəli, vətənpərvər gənc hərbçiləri yetişdirmiş Ali Baş Komandan İlham Əliyevin əsgər və zabitləridir.

Cənab İlham Əliyev Qələbənin müəllifi olan həmin gəncləri ehtiramla xatırlayır, qürur duyduğunu bildirir: “Fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar... Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır”.

2022-ci il fevralın 2-də Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxış edərkən bir daha bəyan etdi ki, gənclər siyasəti daim dövlətin prioritetləri sırasındadır. Azərbaycan gəncləri öz təşəbbüskarlığını və aktiv güc mənbəyi olmasını 2024-cü ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 konfransında də nümayiş etdirdi. “Gənc İqlim Elçiləri” proqramı və “İqlim Həftələri” çərçivəsində 45 min gənci əhatə edən 625 tədbirin təşkili ekoloji maarifləndirmədə Azərbaycan nümunəsi kimi yadda qaldı. COP29 Konfransı çərçivəsində fəaliyyət göstərən “Gənclər Evi” pavilyonunda davamlılıq və iqlim liderliyi mövzularında seminarlar və panel müzakirələri olmaqla ümumilikdə 27 tədbir təşkil olundu ki, bu da gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədəki fəal rolunu təsdiqlədi.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan gəncləri mütəşəkkil və avanqard qüvvə kimi ölkəmizin inkişafının ən sağlam və möhkəm sütünlarından biridir.

Ramid Namazov,

Milli Məclisin deputatı