"Süni intellekt bizim yazdığımız formada qanunları oxuya bilmir" - Deputat
“Süni intellekt haqqında” ayrıca qanunun qəbuluna ehtiyac var.
Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Tahir Mirkişili deyib.
O bildirib ki, bu gün süni intellekt istəsə belə, bizim yazdığımız formada qanunları oxuya bilmir.
"Çünki bu qanunlar daha çox vətəndaşlar üçün yazılıb. Bütövlükdə hüquq sahəsində, texniki, iqtisadi sahədə süni intellektin getdikcə daha çox yayılması qanunvericilik aktlarında formatının dəyişdirilməsinə, faktiki olaraq iki formada - vətəndaşın və maşının başa düşməsi formasında qanunun yazılmasını tələb edir. Milli Məclisin bu istiqamətdə müəyyən resursu, təcrübəsi də var. Milli Məclisin texniki imkanını da nəzərə alaraq təklif edirəm ki, həm Milli Məclisin daxilində resursların artırılması ilə, həm də Nazirlər Kabineti və hökumətdə resurslar hesabına bütün qanunvericilik aktlarının, o cümlədən bundan sonra qəbul ediləcək qanunların 2 formatda buraxılması, yəni təbii intellektin və süni intellektin başa düşə biləcəyi formatda buraxılması ilə bağlı səy göstərilsin”, - deyə Mirkişili bildirib.
T.İSGƏNDƏRLİ