Azərbaycanda bütün ölüləri yandırmağa məcbur edəcəklər? - AÇIQLAMA

 16:22 05.02.2025     241

Son günlər mətbuatda ölkədə kremasiya (meyitlərin yandırılması) mərkəzlərinin açılacağı barədə xəbərlər yayılıb. Ancaq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi açıqlama verərək bu xəbərləri təkzib edib. Bu məsələ ictimaiyyət arasında fərqli fikirlərə səbəb olub. Bəziləri krematoriyaların açılmasını alternativ seçim kimi dəyərləndirsə də, dini və mədəni dəyərləri əsas gətirənlər bunun qəbuledilməz olduğunu bildirirlər.

Bəs ölkəmizdə elə mərkəzlərə ehtiyac var? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirdi ki, İslam dinində belə inanc yoxdur:

"Fərqli dinlər və fərqli inanclar var. Bəzi dinlərdə meyitləri yandırmaq ənənəsi var. Ölkəmizdə də krişnaçılar və ateistlər var ki, onlar meyitlərini yandırmağı tələb edə bilərlər. İslam dinində meyitlər yandırılmır. Amma başqalarının hüquqlarının nəzərə alınmasını qəbul edir. Yəni, ölkəmizdə fərqli inancların mənsublarının ölçülərini yandırması üçün bu imkan yaradılır. Bəziləri elə düşünür ki, bütün ölüləri yandırmağa məcbur edəcəklər. Əslində isə elə deyil. Yalnız yandırmaq istəyənlər üçün nəzərdə tutulur. İslam dinində isə torpağa dəfn etmək məqbul sayılır".

İlahiyyatçının sözlərinə görə, bəzi hallarda dinindən asılı olmayaraq meyit yandırıla bilər.

"Yoluxucu xəstəliklər səbəbi ilə vəfat etmiş nadir şəxslər ola bilər ki, tibbi rəyə əsasən dinindən asılı olmayaraq onlar da müstəsna olaraq yandırıla bilər. İslam dini hər bir dinin, inancın ənənəsinə dözümlü yanaşır. Təbii ki, dəfn adətləri dinlərə görə fərqlidir. İslamda, xristianlıqda dəfn edilir, buddizmdə, krişnaçılarda isə bəzən yandırılır. Ona görə bu inancdan olan insanların da adətləri üzrə yandırmaq üçün imkanların yaradılması təbiidir", - deyə Tural İrfan qeyd etdi.

Türkan İSGƏNDƏRLİ