""Xalqlar Dostluğu"nun adı dəyişdirilib "Turan" qoyulsun" - Jurnalistdən metro adları ilə bağlı TƏKLİFLƏR

 16:27 12.02.2025     232

Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda metro stansiyalarına yeni adlar veriləcək. Bununla yanaşı bu il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar adsız zirvələrə də yeni adlar veriləcək.

Maraqlıdır, mövcud stansiyalardan hansıların adı dəyişdirilə bilər?

Mövzu ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, “Türküstan” Media Qrupunun rəhbəri, jurnalist Aqil Camal Redaktor.az-a açıqlamasında öz fikirlərini bölüşdü.

Onun sözlərinə görə, Bakı Metropoliteninin stansiyalarının adları ilə bağlı məsələlər zaman-zaman gündəmə gəlib və paralel olaraq da müxtəlif vaxtlarda ad dəyişmələri baş verib:

"Amma hal-hazırda da bir sıra stansiyalar var ki, bu stansiyaların adlarının dəyişdirilməsi, hesab edirəm ki, zamanın gedişatına uyğun olaraq baş verməlidir. Məsələn, bunlar içərisində, xüsusən sovet dövrünə məxsus olan "Xalqlar Dostluğu" stansiyasının adını deyə bilərik. Azərbaycan həm yerləşdiyi bölgədə, ümumiyyətlə dünyada hər zaman xalqlar arasında dostluğu, mehribanlığı, eyni zamanda tolerantlığı və digər məsələləri hər zaman təşviq eləyir. Bununla bağlı ölkəmizdə bir sıra tədbirlər də həyata keçirilir. Amma praktiki olaraq biz görürük ki, yalnız bizim istəməyimizlə deyil. Bu gün dünyada xalqların dostluğu artıq nisbi anlayış halına gəlib. Bizim üçün konkret çevrədəki formatlar var. Məsələn, bu gün Azərbaycan türk dövlətləri ilə bir ailə, dostluq, qardaşlıq, müttəfiqlik münasibətləri çərçivəsində fəaliyyətdədir. Bu baxımdan təklif edərdim ki, məsələn, "Xalqlar Dostluğu"nun adı dəyişdirilib "Turan" stansiyası qoyulsun".

Jurnalist "Nəriman Nərimanov" stansiyasının da adının dəyişdirilməsini təklif etdi:

"Eyni zamanda bu gün Bakı Metropolitenində "28 May" stansiyası, eyni zamanda "Nəriman Nərimanov" stansiyası var. Bunlar da bir-birinə ideoloji baxımdan ziddiyyət təşkil edir. Madam ki, bugünkü Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir, bu zaman Xalq Cümhuriyyətinin süqutunda iştirak eləmiş Nəriman Nərimanovun adına bir stansiyanın verilməsi təzad yaradır. Düzdür, Nərimanovun XX əsrin əvvəllərində Azərbaycan ictimai fikrində iştirakı danılmır. Amma biz birmənalı şəkildə Xalq Cümhuriyyəti ənənələri davam etdiririksə, bu zaman bu məsələyə də baxmaq lazımdır".

A.Camal "Elmlər Akademiyası"nın adını elmi sahədə Azərbaycanın böyük alimlərindən birinin adı ilə əvəzləməyin daha məntiqli olacağını bildirdi:

"Elmlər Akademiyası" da konkret bir məna kəsb etmir. Burada elmlə bağlı hər hansı bir ad və yaxud da Azərbaycan elminə böyük töhfələr vermiş, ümumiyyətlə, dünyada elm sahəsində tanınmış bir alimin adı ilə verilsə, daha məntiqli olar. Biz bilirik ki, həmin ərazidə həm Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və çoxsaylı elmi institutlar yerləşir və  yaxınlıqda başqa universitetlər də yerləşir. Bu baxımdan həmin stansiyanın adının elmlə bağlı adlandırılması və yaxud da hansısa bir tanınmış, məşhur bir alimin adı ilə adlandırılması daha məntiqi olardı. Amma sadəcə "Elmlər Akademiyası" adlandırılması məntiqsizdir".

Həmkarımız "İnşaatçılar" stansiyasının adına da diqqət çəkərək, inşaatçılığın daha çox özəl sektora aid olduğunu və bu adın mövcud dövrə uyğun olmadığını qeyd etdi.

"Digər oxşar bir stansiya "İnşaatçılar"dır ki, bu gün bu ad da o qədər dərin məna kəsb eləmir. Ola bilər ki, bunu "Neftçilər" stansiyası ilə analogiya apara bilərlər ki, bəs nə üçün "Neftçilər" stansiyası ola bilər? Biz bilirik ki, Azərbaycanın iqtisadiyyatı çox onilliklərdir ki, neft üzərindədir və Azərbaycan neftçilərinin əməyi sayəsində həm sovet dövründə, həm də bu gün və gələcəkdə də Azərbaycanın inkişafında neft sənayesinin böyük rolu var. Bu baxımdan da neftçilərin əməyini qiymətləndirərək onların adına stansiyanın olması məntiqlidir. Amma inşaatçılıq bu gün xüsusilə artıq özəl sektorun əsasən payına düşür. Bu baxımdan onların belə adlandırılması məntiqə sığmır. Əgər gələcəkdə adlarla bağlı bir islahat olacaqsa, bura da həmin islahatların təqibinə məruz qala bilər.

"Ulduz" stansiya da hansısa məşhurun, ulduzun adını daşımır. Hardan gəlindiyi bilinmir. Elə bil ad tapmadıqları üçün qoyublar", - deyə A.Camal qeyd etdi.

Türkan İSGƏNDƏRLİ