"Sovetləri təmsil edən metro stansiyalarının adı dəyişdirilməlidir"

 17:35 13.02.2025     104

"2025-ci ilə gəldik çıxdıq. Hələm də ölkəmizdə Sovetləri təmsil edən küçə, rayon, metro adları var. Metro stansiyaları olduğu üçün ilk növbədə Nərimanov, Ulduz və Xalqlar Dostluğu stansiyalarının adı dəyişilməlidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri jurnalist, ictimai fəal Orxan Atabəy bildirib. Onun sözlərinə görə, bu stansiyalara hakimiyyəti dövründə qətlə yetirilən və ya didərgin salınan Azərbaycan cümhuriyyətçilərinin birinin adı verilsə yaxşı olar:

""Nəriman Nərimanov sonradan peşman olub", "Əslində yaxşı insan imiş sadəcə aldanıb", "Belə ürəyi təmiz imiş" kimi bəraətlərin dəxli yoxdur. Adam qan içən bolşeviklərin yanında olub, Bakının işğalında və Gəncə soyqırımında iştirak edib. Və ən əsası Zəngəzur, Göyçə, Vedi, Qazax mahalının bir hissəsi Ermənistan SSRİ-yə bağışlananda hakimiyyət başında olub. Sonra peşman falan olub, o dünyanın məhkəməsində baxılar".

Orxan Atabəy

O. Atabəy bəzi stansiyalara isə türk ölkələri ilə bağlı adlar qoyulmasını təklif edib:

"Ulduz isə Kommunist Partiyasını təmsil edir. "Dəmir Yumuruq" kimi nəyə olsa dəyişilsin. Təki Sovetin izi tozu qalmasın! "Xalqlar dostluğu" adı altında Sovetlər bütün dünyada qan töküb. Xalqlar heç zaman dost olmayacaq. Əvəzinə "Turan Stansiyası" necə də gözəl səslənir! Bizi dünyada bir Turan ölkələrində dostcasına qarşılayırlar. Ən yaxın strateji tərəfdaşlarımız, Türk Dövlətləri Təşkilatına üzv ölkələr də xəbərə çox sevinər".

Türkan İSGƏNDƏRLİ