"Bizim televiziya məkanı bu problemləri həll etməlidir" - Qulu Məhərrəmli
![](https://img.redaktor.az/news/2025/02/photo_270467.webp?v=MTE6MzIyMDI1LTAyLTE1IDAwOjE4OjEz)
“1956-cı il fevralın 14-də Bakı televiziya studiyasının yayıma başlaması Azərbaycan xalqının mədəniyyət, mətbuat tarixində çox ciddi hadisələrdən biri idi”.
Bunu Redaktor.az-a açıqlamasında telejurnalist Qulu Məhərrəmli Azərbaycan televiziyasının yaranması günü haqda danışarkən deyib.
Onun sözlərinə görə, onda televiziyanı birinci növbədə təbliğat, təşviqat vasitəsi kimi nəzərdə tuturdular:
“Çünki ideoloji bir cəmiyyətin televiziyası idi. Amma o ideologiyadan əlavə Azərbaycan xalqının mədəniyyətinin formalaşmasında, mədəni, milli dəyərlərin təbliğində, musiqi mədəniyyətimizin formalaşmasında və təbliğində, ana dilimizin normalarının formalaşmasında, nitq mədəniyyətinin yüksək bir tribunaya çevrilməsində televiziya həlledici rol oynayıb. Radiodan sonra meydana çıxan televiziya bütün o mədəni dəyərlərin formalaşması və Azərbaycan xalqının ictimai şüurunun formalaşmasında mədəni dəyərlərin özünəməxsus yer tutmasında önəmli rol oynayıb.
Televiziyanın Sovet dövründə başqa bir özəllikləri var idi, amma müstəqillik dövründən sonra Azərbaycan televiziya məkanı birkanallı televiziyadan çoxkanallı televiziya şəbəkəsində çevrildi. İndi müstəqil televiziya kanalları, radio sahəsində yeni layihələrin gerçəkləşdirilməsi və sair bütün bunlar tarixi faktlardır və bizim mədəniyyətimizin bir parçasıdır”.
Q.Məhərrəmli deyib ki, bu gün televiziya auditoriyası parçalanmış bir şəkildədir:
“Çünki televiziyanın internet kimi rəqibi var. Dünya təcrübəsi göstərir ki, yaxşı televiziyalar internetin mövcudluğundan faydalana, qarşılıqlı əlaqədə öz inkişafını təmin edə, öz məhsullarını yaya bilir. Beləliklə, tamaşaçı auditoriyasını sabit bir şəkildə saxlayır. Burda digər bir məsələ şübhəsiz ki, televiziyada tamaşaçı zövqünü oxşayan, xüsusən informasiya, maarifçi proqramların hazırlanması və auditoriyaya çatdırılmasıdır. Ona görə bizim televiziya məkanı bu problemləri həll etməlidir. Yerli televiziyalardan razı və narazı olanlar da var. Amma bütün hallarda son illərdə nöqsanlara baxmayaraq bizdə televiziya mədəniyyəti, televiziyanın qanunvericiliyi formalaşıb. Maraqlı verilişlər, yaxşı telejurnalistlər, aparıcılar hamısı günümüzün reallığıdır. Əlbəttə, tamaşaçı tələblərinin hüdudları yoxdur və dünya televiziyası ilə bu daha parlaq şəkildə göstərilir. Bu gün Avropada da televiziya cəmiyyətin əsas informasiya tələbatını ödəyən bir informasiya vasitəsidir”.
Vasif ƏLİHÜSEYN