FETÖ-nün dönər şəbəkəsi: Bakıda da filialları var

Türkiyədə "Maydonoz Döner" restoranlar şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Redaktor.az milli.az-a istinadla xəbər verir ki, "Kıskaç-40" adlı əməliyyat çərçivəsində 31 vilayətdə aparılan əməliyyatlarda 10-u dövlət qulluqçusu olmaqla ümumilikdə 353 şübhəli saxlanılıb.
Aparılan araşdırmalara görə, "Maydonoz Döner" adlı dönər zəncirinin franchise (ad hüququ) sistemi vasitəsilə FETÖ-ya maliyyə dəstəyi göstərdiyi məlum olub.
Franchise sistemi vasitəsilə qeyri-rəsmi ortaqlıqlar qurulub və təşkilatla əlaqəsi olan şəxslərə ödəniş müqabilində imkanlar təqdim olunub.
Tərəfdaşlıqlar yalnız təşkilati etimada əsaslanaraq, heç bir rəsmi sənəd olmadan həyata keçirilib.
Filiallar FETÖ-ya bağlı şəxsləri işlə təmin etmək və onlardan ianələr toplamaq üçün istifadə edilib.
Təşkilata bağlı biznesmenlər vasitəsilə əldə olunan gəlir qeyri-rəsmi yollarla ötürülüb.Xaricdə yeni dilerliklər yaradılaraq, beynəlxalq maliyyə axınlarına şərait yaradılıb.
FETÖ və digər terror təşkilatlarının maliyyə mənbələrinə qarşı mübarizənin qətiyyətlə davam etdirilir.
Musavat.com bu şəbəkəyə aid dönərçilərdən birinin Bakının Həsən Əliyev küçəsi 335, digərinin isə Zahid Xəlilov 23 (Elmlər Akademiyası) ünvanında olduğunu təsbit edib.
Hazırda Bakıda fəaliyyət göstərən "Maydonoz Döner" restoranlarının bu əməliyyata daxil olub-olunmayacağı bilinmir.

