Təkər zəncirləri hara "yoxa" çıxıb? - AÇIQLAMA

Bu günlərdə Bakıya yağan qarın nəticəsində yollarda bir çox avtomobil qəzaları baş verdi. Bunun da başlıca səbəbi avtomobillərin sürüşməsidir. Əvvələr sürücülər belə havalarda təkər zəncirindən istifadə edirdilər. İndi isə nəinki istifadə edən, adını çəkən belə yoxdur.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında maşın ustası Nofəl Səmədov bildirdi ki, indi zəncirlər qış təkərləri ilə əvəzlənib:
"Əvvəllər qışda təkərin sürüşməməsi üçün zəncirlərdən istifadə etsələr də, indi ölkəmizdə havalar mülayim keçdiyindən sürücülər bunu vecinə almır. Satışdan çıxarılmasa da, tələbat yox dərəcəsindədir. Bundan əlavə olaraq avtomobillərdə qış təkərləri deyilən bir anlayış var, hansı ki, onlara, mismarlı təkərlər deyilir. Təkər şinlərinin arasında uzunsov dəmir olur".
Ustanın sözlərinə görə, qış təkərlərinə marağın azalmasının digər əsas səbəbi onların qiymətinin baha olmasıdır.
"Sürücülərin maşınlarını qışa hazırlamamasının səbəbi də elə Bakıda qışın mülayim keçməsi, qarın az yağmasıdır. Hətta sürücülər yeni maşın və ya təkər alanda düşünürlər ki, təzədi deyə sürüşmə olmayacaq. Bundan başqa əsas problemlərdən biri təkərlərin, xüsusilə qışlıq olanların qiymətlərinin baha olmasıdır. Bir çox insan qiymətinə görə dəyişmə prosesini ertələyir. Əsasən yollarda olan taksiləri nəzərə alsaq, bir komplekt - dörd dənə təkəri normal sürücü ildə bir dəfə dəyişəndə taksilər dörd-beş aydan bir dəyişmək məcburiyyətində qalır. Qış təkərlərindən istifadə etməmək, avtomobillərin qış mövsümünə hazırlıqsız olması həm sürücülər, həm də piyadalar üçün risk yaradır. Yol qəzalarının qarşısını almaq üçün sürücülərin məlumatlandırılması və qış təkərlərinin əlçatanlığının artırılması vacib məsələlərdən biridir", - deyə Nofəl Səmədov vurğuladı.
Türkan İSGƏNDƏRLİ