Açıq səma altında olan yerlərə sürüşkən döşəmə vurmaq yolverilməzdir - Tanınmış memardan MÜRACİƏT

 16:03 26.02.2025     99

Yağışlı, qarlı havalarda insanların xəsarət almasına səbəblərdən biri yerlərə döşənən tametlər, piltələr, daşlardır. Belə ki, bir çox obyekt önü, park, səkilərdə, pilləkənlərdə sürüşkən materialdan istifadə olunur ki, bu da insanların yıxılmasına səbəb olur. 

Bəs bu cür halların qarşısını almaq üçün hansı materiallara üstünlük verilməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, Honnover Akademiyasının akademiki, Roma şəhərinin fəxri alimi, memar Cahid Həsənov bildirdi ki, memarlıq və şəhərsalmada qış ayları, qarlı və yağışlı havaları nəzərə almaq lazımdır ki, müxtəlif obyektlərin pilləkənlərində, səkilərdə sürüşkən materialdan istifadə olunmasın:

"Düzdür, bu, maddi baxımdan da çox vəsait aparır, bahalı, effektli, zəngin göstərir. Lakin yağışda belə sürüşkənlik olduğuna görə insanlarımız ciddi fəsadlarla üzləşir. Bunun üçün vacibdir ki, döşəmə materiallarının vurulmasında sürüşkən qranitlərdən, daşlardan istifadə olunmasın. Bunların yerinə səkilər, pilləkənlər üçün xüsusilə yandırılmış qranitlər deyilən bir materiallar var. Həmçinin digər yerli istehsalımız da buna zəmin yaradır. Çox gözəl, rəngarəng, gözəl formalı, çox çeşidli döşəmə materialları var. Lazımdır ki, bütün bu halların olmaması üçün bu daşlardan istifadə edək. Sürüşkənliyi özündə saxlamayan, ələlxüsus açıq məkan üçün nəzərdə tutulan, üstündə örtücü, kölgəlik olmayan, açıq səma altında olan yerlərdə, səkilərdə, kafe və restoran, digər obyektlərin qarşısında, pilləkənlərdə birmənalı şəkildə bunların istifadə olunması yolverilməzdir".

Memarın sözlərinə görə, tikinti işləri üçün qaydalar hazırlanmalıdır.

"Nəzarətə gəldikdə, əslində bu nəzarət bunu eləyən ən çox da özəl sektorlarda sahibkarın üzərindədir. Bunların obyektlərinə girib çıxanlara ciddi fəsadlar göstərir, həm də özləri üçün çətinlik yaradır. Dediyim kimi, ümumiyyətlə belə bir qaydalar hazırlanmalıdır. Memarlıq və şəhərsalma qaydalarda bu, tam qadağan olunmalıdır. Özəl sektor tərəfindən, sahibkarlar tərəfindən istifadə etdiyi, tikdirdiyi, istismara təhvil verdiyi obyektlərin qarşısında qaydalarda göstərilən materialdan istifadə olunmalıdır. Bu qaydalar zəmin yaradar ki, bu insanlar da təmir işlərində birmənalı bilsinlər ki, şüşə materialının vurulması artıq yasaq olunub", - deyə C.Həsənov bildirdi.

Türkan İSGƏNDƏRLİ