"Tarixdə belə vəhşilik görülməyib" - Rəşid Mahmudov

 15:48 26.02.2025     113

Xəbər verdiyimiz kimi, bu gün Xocalı faciəsinin 33-cü ildönümü tamam olur. Hər il Azərbaycan xalqı bu faciə gününü ürək ağrısıyla qeyd edir. 

Tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov Redaktor.az-a açıqlamasında Xocalı soyqırımı ilə bağlı öz təəssüratlarını bölüşüb. 

O, deyib ki, ermənilər bu qətliamı ruslarla birlikdə törədiblər:

"Tarixdə belə vəhşilik görülməyib. Qadın, uşaq, qoca, cavan demədən ermənilər hamını qırıblar. Sözsüz ki, onlar bu soyqırımı təkbaşına yox, ruslarla birlikdə törədiblər. Rusiya isə tarix boyu torpaqlarımızı ermənilərə, gürcülərə, farslara verib. Müharibənin öz qanunları var, ermənilər isə heç vaxt bu qanunlara riayət etməyiblər. Bu gün Xocalı faciəsindən 33 il ötür, amma faciə o qədər dəhşətlidir ki, hər il daha da bu yara dərinləşir".

R.Mahmudov Xocalı faciəsinin təbliği məsələsindən də danışıb:

"Cənab Prezident sərəncam imzaladı və Xocalıda memorial kompleks tikiləcək. Çox yaxşı təşəbbüsdü. Mən özüm Türkiyədə Xocalı və 20 Yanvar faciəsi üçün yaradılan kompleksdə olmuşam. Çox xoşum gəldi, sevindim ki, qardaş ölkədə belə bir şey yaradıblar. Orda xatirə dəftərinə yazdım ki, Xocalıda şəhid olan 613 nəfərin adlarını divara yazsınlar. Biz bu faciəni məktəblərimizdə şagirdlərimizə aşılamalıyıq, dərsliklərə salmalıyıq. Allah Xocalıda şəhid olan insanlara rəhmət eləsin!". 

Vasif ƏLİHÜSEYN