Sürücülük vəsiqəsinin bitmə vaxtı ilə bağlı vətəndaşlara öncədən məlumat verilsin - ekspertdən TƏKLİF

Daxili İşlər Nazirliyi tərəfindən polis-vətəndaş münasibətlərində operativliyin artırılması və vətəndaşyönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə ötən il istifadəyə verilən E-Polis tətbiqinə yeni funksiyalar əlavə edilib. Tətbiq vasitəsi ilə vətəndaşlar sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə biləcəklər.
Bəs yeni funsiyaların üstünlükləri nələrdir, digər hansı funksiyalar tətbiq edilə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, son zamanlar Daxili İşlər Nazirliyi texnologiyaların imkanlarından geniş istifadə etməyə başlayıb, xüsusən də E-Polis xidmətində bir çox yeniliklər tətbiq olunub. Onun sözlərinə görə, vətəndaşlar bu yeniliklər barədə əvvəldən maarifləndirilir ki, bu da müsbət haldır:
"Daxili İşlər Nazirliyinin bu addımını alqışlayıram. Lakin bir sıra problemlər var. Xüsusilə sürücülük vəsiqələri ilə bağlı ciddi problemlər mövcuddur. Bir çox sürücülər vəsiqələrinin bitmə tarixini unudurlar, çünki sürücülük vəsiqələri 10 il müddətinə verilmiş olur və bu müddətin bitməsini izləmək çətin olur. Gələcəkdə nazirlik belə bir xidmət yaratmalıdır ki, sürücülük vəsiqələrinin müddətinin bitməsindən əvvəl vətəndaşlara məlumat göndərilsin. Hazırda isə sürücülük vəsiqəsinin müddəti bitdiyindən vətəndaşlar məlumatlandırılmır. Nəticədə, sürücülük vəsiqəsinin vaxtı bitmiş bir şəxs polis tərəfindən saxlanıldıqda, avtomobil cərimə meydançasına aparılır və şəxs sürücülük hüququ olmayan biri kimi qiymətləndirilir".
Ekspert hesab edir ki, sürücülük vəsiqəsinin müddətinin bitmə vəziyyətinə hüquqi yanaşma dəyişməlidir:
"Sürücülük hüququ olmayan şəxslərə yalnız vəsiqənin müddətinin bitdiyinə görə cəza tətbiq olunmamalıdır. Vətəndaş sürücülük vəsiqəsini yeniləmək üçün lazımi ödənişi Asan Xidmətdə edir və bu halda sadəcə vəsiqənin müddətinin bitməsi səbəbindən onun sürücülük hüququ olmur. Buna görə də bu məsələyə hüquqi baxış dəyişməli və qanunvericiliklə tənzimlənməlidir".
E.Muradlının fikrincə, sürücülük vəsiqəsinin müddətinin bitdiyi barədə mütləq əvvəlcədən vətəndaşlara xəbərdarlıq edilməlidir.
"Nəzərə almalıyıq ki, bu səbəbdən nə qədər sürücü cəzalanıb. Sürücülük hüququ yoxdur deyə 100-400 manat arasında cərimələr tətbiq edilir. Vətəndaş sürət həddini aşaraq cəriməyə düşür, cərimə isə 10 manatdır. Sistemdə informasiyaya baxdıqda məlum olur ki, sürücülük vəsiqəsinin müddəti bitib. Bu zaman həmin şəxsə 10 manatlıq yox, 100 manatlıq cərimə tətbiq olunur. Sonra isə bu cərimələr artır. Bu məsələlər qanunvericiliklə tənzimlənməlidir. Təklif edirəm ki, sürücülük vəsiqəsinin bitmə vaxtı ilə bağlı E-Polis vasitəsi ilə vətəndaşlara məlumat verilsin. Hal-hazırda sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı E-Polis tətbiqində yaradılmış funksiyalar çox mükəmməldir. Vətəndaş heç bir əziyyət çəkmədən, vaxt itirmədən informasiyanı dəyişə, yeniləyə, hətta foto şəklini dəyişə bilir. Özü ünvan seçir ki, bu ərazidən vəsiqəni götürmək istəyirəm. Bu həqiqətən indiyə qədər istifadəyə verilən bütün xidmətlərdən daha mükəmməldir", - deyə ekspert vurğuladı.
Aytəkin TOFİQQIZI