AYNA-dan Maştağa-Buzovna yolunda avtobus problemi ilə bağlı AÇIQLAMA

Bakıya yenidən qar yağması ictimai nəqliyyatdan istifadə edənləri çətin vəziyyətə salıb. Maştağa-Buzovna yolunda qar yağması ilə əlaqəli yenə avtobusların gec-gec fəaliyyət göstərməsi müşahidə olunub. Avtobusların hərəkət intervalı arasında məsafənin çoxluğu insanların işə gecikməsinə səbəb olub.
Mövzu ilə bağlı Redaktor.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərib. Sorğuya cavab olaraq bildirildi ki, hava şəraiti ilə bağlı intervallar arta bilər.
"107 nömrəli marşrut üzrə avtobuslar 8 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Lakin yol şəraitinə uyğun olaraq sürətin azalması avtobuslararası intervalın artmasına səbəb ola bilər", - deyə AYNA-nın cavabında deyilir.
Bəs çətin hava şəraiti zamanı avtobusların hərəkət intervalı arasında məsafə nə qədər olmalıdır?
Nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza bildirdi ki, yağmurlu havalarda avtobus intervalların məsafəsi ilə bağlı konkret bir rəqəm mövcud deyil.
"Bu amil yol infrastrukturundan asılıdır. Əgər yollar bağlıdırsa, tıxac varsa, yağmurlu və ya qarlı hava şəraitinə görə yol sürüşkəndirsə, avtobuslar arasında intervallar çoxalacaq. Avtobusların dayanacağa gəlib çatma müddəti də uzanacaq. Burada əsas problemin artıq nəqliyyatda yox, yolda olduğunu deyə bilərik", - ekspert bildirdi.
Aytəkin TOFİQQIZI