Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi ARTIRILIR

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə qaldırılır.
Redaktor.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Konstitusiya Məhkəməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 75 yaş olacaq. Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.
Həmçinin Konstitusiya Məhkəməsi hakimi 75 yaşına çatdıqda səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi sayılacaq.
Qüvvədə olan qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.
Məlumat üçün bildirək ki, qanun layihəsi Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə artırılması və 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunanadək vəzifələrini icra etmə müddətini müəyyən edir.
Layihənin məqsədi uzunmüddətli hüquqi təcrübəyə malik hüquqşünasların Konstitusiya Məhkəməsində fəaliyyətini davam etdirməsinə şərait yaradaraq məhkəmə sisteminin səmərəliliyini artırmaqdır. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa və İspaniyada Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75 və daha yuxarıdır ki, bu da onların hüquqi bilik və təcrübəsindən daha səmərəli istifadəyə imkan yaradır.
Bununla yanaşı, 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunana qədər vəzifələrini icra etmə müddətinin 6 aydan çox olmayan müddətə konkretləşdirilməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq normanın aydın və birmənalı tətbiqini təmin edir.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.