Deputat yaşlı, xəstə məhkumların əfvini təklif ETDİ

 10:54 03.03.2025     196

Deputat Naqif Həmzəyev yaşlı, xəstə məhkumların əfvini təklif edib, Vətən müharibəsi dövründə Gəncəyə atılan raket atışı nəticəsində evlərinə ziyan dəyən insanların bəzilərinin üzləşdiyi çətinliyi açıqlayıb.

Redaktor.az xəbər verir ki, deputat bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində bildirib.

Qərb bölgəsində tikintisi həyata keçirilən cəzaçəkmə müəssisələrinin də tezliklə istifadəyə verilməsini istəyən deputat deyib ki, tibbi sığorta ilə vətəndaşlara tətbiq edilən bütün imtiyazlar cəzaçəkən şəxslərə də aid edilsin: “Məruzədə 65 yaşdan yuxarı və 25 ildən çox cəza çəkən şəxslərin əfvi məsələsinə toxunulsa, yaxşı olardı. Cəzaçəkmə müəssisələrindəki xəstə şəxslərin əfv olunması ilə bağlı məsələyə baxılmalıdır. Onların cəzaçəkmə müəssisəsində canını tapşırmasındansa, öz ailəsinin yanımda canını tapşırması yaxşı olardı”.

Naqif Həmzəyev nəzərə çatdırıb ki, 44 günlük Vətən müharibəsi dövründə Gəncəyə atılan raketlər nəticəsində evlərinə ziyan dəyən insanların böyük əksəriyyətinin problemi həll edilib: “Amma bəzi ailələrin problemi qalıb. Evinin sənədləri Müdafiə Nazirliyinə aid olan ailələr var ki, dövlət tərəfindən vəsait ayrılsa da, onların evi tikilib təhvil verilmir. Bu məsələni Ombudsman nəzarətə götürə bilər. Dövlət pul ayırıb, amma pul xərclənə bilmir”.