DTX rəisi Katrin Bombergerlə görüşdü

Martın 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edib.
Redaktor.az xəbər verir kii, tərəflər 2022-ci ilin aprel ayında baş tutmuş görüşdən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın tapılması məqsədilə həyata keçirilən birgə fəaliyyəti müsbət dəyərləndiriblər.
Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində saxladığı itkin soydaşlarımızın axtarışı məsələsi ilə bağlı Komissiyanın qarşısında qoyduğu vəzifələrin icrası yönündə davam etdirilən təxirəsalınmaz tədbirlərdən, Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilərək ekshumasiyası və tapılmış meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs etmişdir. Xidmət rəisi, eyni zamanda itkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistanın əməkdaşlıq etmək niyyətində olmadığını və hələ də qeyri-konstruktiv mövqe sərgilədiyini bildirmişdir.
Komissiya sədri Əli Nağıyev Beynəlxalq Komissiyanın Qiymətləndirmə missiyası tərəfindən tərtib edilərək Azərbaycan tərəfinə təqdim olunmuş itkin düşmüş şəxslərin axtarışı imkanlarını özündə əks etdirən hesabat barədə də fikirlərini çatdırmış, sözügedən təşkilatın Dövlət Komissiyasının işinə göstərdiyi dəstəyə görə minnətdarlıq etmişdir.
Xanım Katrin Bomberger isə rəhbəri olduğu Beynəlxalq Komissiyanın hazırladığı hesabat sənədinin əhəmiyyətinə toxunmuş, Dövlət Komissiyası ilə qarşılıqlı fəaliyyət çərçivəsində mühüm işlərin görüldüyünü və komissiyalararası münasibətlərin gələcək inkişafına birgə səylərlə önəmli töhfələr veriləcəyinə dərin inamını ifadə etmişdir.
Görüşdə, həmçinin itkin şəxslərin taleyinə tezliklə aydınlıq gətirilməsi ilə bağlı ümumi maraq kəsb edən digər məsələlər də geniş müzakirə olunub.