Azərbaycanda mübahisələrin həlli ilə əlaqədar yeni Yol Xəritəsi TƏSDİQLƏNDİ

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu”nun 2025-ci il üzrə əsas hədəflərini əks etdirən Yol Xəritəsi təsdiq edilib.
Redaktor.az bu barədə nazirliyə istinadən xəbər verir.
Komissiyanın sədri, Baş nazirin müavini Samir Şərifovun təsdiq etdiyi Yol Xəritəsi biznes mühitinin əlverişliliyinin artırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması üzrə qanunvericilik və təşkilati tədbirləri əhatə edir. Onun icrası çərçivəsində bu il icra sənədi üzrə icraatın effektivliyinin artırlması məqsədilə borclunun üçüncü şəxslərə qarşı pul tələbinə tutmanın yönəldilməsi, “Borcluların reyestri” informasiya sisteminin yaradılması, daşınmaz əmlak üzərində hüquqlara dair aktual məlumatların “Elektron icra” informasiya sisteminə inteqrasiya əsasında tam ötürülməsi, icra sənədinin icrası zamanı inkasso sərəncamlarının icrası qaydasının təkmilləşdirilməsi və digər islahatların aparılması planlaşdırılır.
Bununla yanaşı, kommersiya mübahisələri üzrə verilmiş apellyasiya şikayətlərinə baxılması müddətlərinin uzanmasına təsir edən faktorların müəyyənləşdirilməsi, təxirə salınmış məhkəmə iclasları arasındakı müddətlərin tənzimlənməsi və məhkəmə, icra və mediasiya sahəsində statistikanın aktuallığının təmin edilməsi ilə bağlı işlərin görülməsi gözlənilir.
Yol Xəritəsində özəl sektor nümayəndələri, o cümlədən konsaltinq şirkətləri və biznes assosiasiyalarının qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onlara müvafiq köməklik göstərilməsi məsələsinə də xüsusi diqqət yetirilib. Bu məqsədlə ayda bir dəfə tematik mövzular üzrə birgə görüşlərin keçirilməsi və müzakirələrin aparılması nəzərdə tutulub.
“Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”nin tam mətni ilə Komissiyanın internet portalında tanış olmaq mümkündür.
“Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu”na rəhbərliyi ədliyyə nazirinin müavini Toğrul Hüseynov həyata keçirir.