"Ağdamda yeni paytaxt inşa etmək olar" - Deputat

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, paytaxtı Xankəndiyə köçürmək barədə də düşünmək lazımdır. Onun fikrincə, bu, siyasi və iqtisadi səmərəlilik, Bakının yükünün azaldılması baxımından əhəmiyyətli olar.
Paytaxt Xankəndiyə köçürülə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu bildirdi ki, paytaxtın Bakıdan köçürülməsi ilə bağlı vaxtaşırı müəyyən ideyalar, müəyyən fikirlər ictimai rəyin dövriyyəsinə gəlir:
"Bu, səbəbsiz deyil. Çünki Bakının yarımadada yerləşməsi onun kommunikasya imkanlarını məhdudlaşdırır. Bakı şəhərinin iqliminin yarısəhra iqlimi olması da paytaxtımızın oksigenlə təminatında müəyyən problemlər yaradır. Nəticə etibarilə insanların hava alması üçün, normal oksigenlə təmin olunması üçün atmosferin tərkibində udduğumuz havada 22 faizə qədər oksigen olmalıdır. Amma çox təəssüf ki, Bakıda yüksək təpəliklərdə, Yasamal, Günəşli kimi və s. ən zəngin oksigenlə təmin olunmuş zonalar hesab olunur.
Paytaxtımızda oksigen təminatı 18 faiz, bir qədər də aşağıdır. Klassik paytaxtda bir az çökəkliyə endikdə 16 faizə qədər düşür. Özü-özlüyündə nəfəs almaq üçün normal mühit deyil. Bu faktorlar paytaxtımızın köçürülməsi ilə bağlı fikirlərə müəyyən əsas qazandırır. Amma eyni zamanda biz bilirik ki, Bakı Azərbaycanın ən böyük liman şəhəridir. Elm, sənaye mərkəzidir. Bakının bugünkü inkişafını şərtləndirən tarixi amillər olub. Ona görə də biz paytaxtın harasa köçürülməsinə ancaq paytaxtın köçürülməsi kimi baxa bilmərik. Bütün nüanslar nəzərə alınıb, təhlil edilməklə zərurət yaranarsa, paytaxtımızın köçürülməsi məsələsi mümkün ola bilər. Doğrusu, mən də paytaxtımızın köçürülməsinin tərəfdarı olanlardanam. Şübhəsiz ki, kontinental ölkələrdə, yəni okeana çıxışı olmayan ölkələrdə paytaxtın ölkənin coğrafi mərkəzinə köçürülməsi barədə düşünülür. Mənə elə gəlir ki, Azərbaycanın da coğrafi mərkəzi Qarabağ və Şirvan ərazisinə düşür. Buna görə mümkündür ki, paytaxt köçürülsün. Amma mənə elə gəlir ki, Xankəndi artıq formalaşmış bir şəhərdir. Oranın paytaxt edilməsi üçün müəyyən ciddi yenidənqurma işlərinə ehtiyac yaranacaqdır. Amma halbuki hazırkı Xankəndidə 50 min insanı yerləşdirmək olar. Paytaxt kimi nəzərdə keçiriləcəkdə isə Xankəndi yenidən inşa olunmalıdır".
Deputat bildirdi ki, Ağdam haqqında paytaxt kimi düşünmək olar.
"Belə bir qərar verilərsə, sıfırdan yaradılan Ağdamın infrastrukturu, genişlənmə perspektivi, sənaye perspektivləri və s. yenidən qurulan bir şəhərdə tamamilə nəzərdə tutula bilər ki, indi yaşadığımız problemləri 100 il sonra yaşamayaq. Ağdamın ərazisi böyük düzənlikdir. Böyük düzənlikdə 4 tərəfə çıxış təmin etmək olar. Məhz paytaxt üçün nəzərdə tutulan yeni paytaxt inşa etmək olar" - deyə H.Babaoğlu bildirdi.
Aytəkin TOFİQQIZI