Ağdam rayonunda əkin sahələri fasiləsiz olaraq suvarılır - ADSEA

Ağdam rayonunda mexaniki üsulla aparılan suvarmanın yaxşılaşdırılması üçün xeyli işlər görülüb. Hər il əkin sahələrinin vaxtında və normalara uyğun olaraq suvarılması nəticəsində məhsuldarlıq artıb.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Məlumata görə, Agentliyin tabeliyində olan Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ötən il olduğu kimi 2025-ci ildə də meliorativ tədbirlərini uğurla davam etdirir. Bunun üçün idarənin balansında olan 1136 subartezian quyusu, 8 nasos stansiya, 4 su yığıcı göl, 11 kəhriz, 365 km suvarma kanalları, kanallar üzərində isə 323 ədəd hidrotexniki qurğu mövcuddur. Bundan başqa idarə tərəfindən sel və daşqınlara qarşı da təxirəsalınmaz işlər görülür ki, bu da yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qoruyur. Ağdam rayonunda istifadə edilən sular mexaniki üsulla çıxarılır. 2025-ci ilin əvvəlindən indiyədək 22 milyon 575 min kubmetr su çıxarılıb və 14561 hektar sahə orta hesabla 0.5 dəfə suvarılıb.
Ağdam rayonunda yaşayan əhalini içməli su ilə təmin etmək üçün Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərtib olunmuş plan əsasında bütün işləri yerinə yetirib. İçməli su anbarlar və iri həcmli çənlər vasitəsi ilə şəbəkələrlə abonentlərə çatdırılır. Bu işlərin təmin olunması üçün 115 ədəd subartezian quyusundan istifadə olunur. İdarə tərəfindən İmamqulubəyli qəsəbəsi üzrə də 847 abonent olmaqla 3 163 nəfər rayon sakininin içməli məişət suyuna xidmət edilir. Qəsəbənin su təminatı hər birinin həcmləri 1000 kubmetr olmaqla 2 su anbarı, 2 nasos stansiya həyata keçirir.
Qeyd edək ki, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Ağdam rayonunun 38645 hektar torpaq sahəsini və 103 000 nəfər rayon əhalisinin içməli-məişət suyuna olan təlabatını həyata keçirir.