"İnsanların lağ obyekti olan bir adam niyə efirdə əxlaqdan, abır-həyadan dərs verməlidir?"

 16:38 01.04.2025     146

Teleaparıcı Nigar Fərhadın canlı efir zamanı "oğluma atasız qız almaram" söyləməsi ictimaiyyət arasında ciddi narazılığa səbəb olub.

Belə bir fikir səsləndirmək nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Lalə Mehralı bildirdi ki, bu fikir nə düzgündür, nə etikdir:

"Bir aparıcı canlı efirdə olarkən fikirlərini tərəziyə qoyub, sonra deməlidir. Buna görə də bu gün Azərbaycan teleməkanında bir əlin, beş barmağını keçməyəcək qədər savadlı və sözün çəkisini bilən az aparıcı var. Biz hamımız yaxşı bilirik ki, efirdə aparıcılıq edənlər hansı kriteriyalarına görə seçilir. Kimisi fiziki göstəricilərinə görə, kimisi sponsor cəlb etmə bacarığına görə, kimisi də başqa səbəbə görə fəaliyyətdədir. Zəkasına, danışığına, intelektinə görə efiri haqq edənlərin sayı çox azdır. Yaxşı aparıcı olmaq üçün böyük bir zaman lazımdır. O zaman dilimini keçmək bu gün hər aparıcıya nəsib olmur. Müəyyən bir yolda o xətt ayrılır".

Sosioloqun sözlərinə görə, bu gün efirdə özünün karyerasının pikini yaşayan, dırnaqarası məşhurluqla efirlərdə at oynadan bir çox aparıcının nə sözünün çəkisi var, nə intelekti var, nə efir ilə bağlı az da olsa mədəniyyəti var.

"Ola bilər, o aparıcı fərqli bir şey demək istəyib, fikrini səhv ifadə edib. Bəlkə də sırf bunu demək istəyib. Bunu deyə bilmərəm. Amma canlı efirdə olduğunun fərqində olaraq danışmalıdır. Xanımın bundan əvvəl də öz efirində qonaqlarına, auditoriyasına qarşı çox böyük hörmətsizlikləri olub. Bu haqda məlumatlar və görüntülər yayılıb. Ümumiyyətlə ədəbi olmayan, efir mədəniyyəti olmayan bir insan hansı əsaslarla efirdə aparıcılıq edir, hansı əsaslarla on milyonluq xalqa qarşı bu formada kobudluq edə bilir? Ona o meydanı kim verir, hansı kriteriyalarla o meydandadır? İnsanların lağ obyekti olan bir adam niyə efirdə insanlara ailədən, əxlaqdan, abır-həyadan dərs verməlidir? Aparıcı niyə özündə insanlara dərs vermək ixtiyarını görməlidir? Bu gün əsas problemlər bunlardır" - deyə L.Mehralı bildirdi.

Aytəkin TOFİQQIZI