Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır

 16:43 01.04.2025     144

"Ali Məhkəmə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı ilə məhkəmə sistemində tətbiqi nəzərdə tutulan süni intellekt həllinin yaradılması başa çatmaq üzrədir".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, bu sistem vətəndaşlara məhkəməyə müraciət etməzdən əvvəl oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini təhlil etməyə, mübahisəyə dair məhkəmələrin hüquqi mövqeyini öyrənməyə və mümkün nəticələri əvvəlcədən görməyə imkan verəcək:

Eyni zamanda bu texnologiya hakimlərin, məhkəmə aparatının və vəkillərin iş yükünün azaldılmasına və qərarların daha obyektiv verilməsinə dəstək olacaq.

Yəni görünən odur ki, süni intellekt qərar verməyəcək, daha doğru qərarlar qəbul etməyə kömək olacaq, düzgün qərara gedən yolda dəqiq təhlil və əlavə dəstək rolu oynayacaq.

Düşünürəm ki, dünyanın bir çox ölkələrində tətbiq edilən belə bir rəqəmsal alətin ölkəmizdə istifadəsi də əhəmiyyətlidir".

O.Gündüzün fikrincə, bu cür süni intellekt həlli şübhəsiz ki, vətəndaşların işlərini, məhkəmələrə çıxış imkanlarını daha da rahatlaşdıracaq, oxşar və təkrar işlərin məhkəmə baxışının daha effektiv və şəffaf formada reallaşmasına kömək olacaq:

"Bu cür sistemlərin Azərbaycanda da istifadəyə verilməsi düşünürəm ki, məhkəmə-hüquq sistemimizin modernləşməsi və rəqəmsal transformasiyası baxımından ciddi irəliləyişdir", - deyə o qeyd edib.

Turan İSMAYIL