“Bu günə kimi 15 uşağa Pəncəli adı verilib” – Şəhidin qardaşı – FOTO

 14:38 07.04.2025     193

Xəbər verdiyimiz kimi, 2016-cı il Şanlı aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı hərbçimiz Pəncəli Teymurovun anım günü keçirilib.

Redaktor.az-a danışan şəhidin qardaşı Famil Teymurov tədbirlə bağlı məlumat verib:

“Anım mərasimində deputatlar, şəhid ailələri, Pəncəlini sevib onu daim ürəyində yaşadan şəxslər iştirak etdilər. Tədbir çox yüksək səviyyədə təşkil olundu. Allah zəhməti keçən hər kəsdən razı olsun”.

F.Teymurov hələ də qardaşının şəhid olmasına inana bilmədiklərini deyib:

“Pəncəlinin şəhid olmasından 9 il ötür. Amma mən elə bilirəm ki, hər şey dünən olub. Bu elə bir yaradır ki, heç vaxt sağalmır. Ancaq təsəllimiz odur ki, Pəncəli sevilir, onu daim xatırlayırlar. Evimiz daim ziyarət olunur. Bu günə kimi artıq 15 uşağa Pəncəlinin adı verilib və onlardan biri mənim bacım oğludur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!”.

Qeyd edək ki, şəhid Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. 1981-ci il təvəllüdlü Pəncəli Teymurov hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq, xidmətini davam etdirib. Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. 2016-cı il Şanlı aprel döyüşləri zamanı isə qəhrəmancasına şəhid olub. Ölkə başçısının göstərişi ilə ölümündən sonra “Vətən uğrunda” medalıyla təltif edilib.

Vasif ƏLİHÜSEYN

22222