“Neyləyim, acından ölüm?” – Rəşid Mahmudov həmin videodan DANIŞDI

 14:25 14.04.2025     811

Xəbər verdiyimiz kimi, tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudovun spirtli içki istehsal edən bir zavodun istehsal etdiyi arağı tərifləməsi birmənalı qarşılanmayıb.

Məsələylə bağlı Redaktor.az-ın əməkdaşı Rəşid Mahmudovla əlaqə saxladı.

O, saytımıza açıqlamasında bildirdi ki, fikirləri təhrif olunub:

“Mənim bir dostum var, araq istehsal edir. Biz isə 15 nəfər alim hər həftə onların araqlarını içirik. Bu araq İsmayıllı rayonunun taxılından çəkilir. Arağın keyfiyyəti spirtindən, suyundan asılıdır. Mən də bunu demişəm. Araq təmiz olanda bəzi xəstəlikləri müalicə edir. Məsələn, vəba xəstəliyinin viruslarını öldürmək üçün yalnız araqdan istifadə edilir. Arağın hətta koronavirusa da təsiri var”.

R.Mahmudov dedi ki, müsəlman ölkəsi olduğumuz üçün araq içməli deyilik, lakin 200 il Rusiya imperiyasının təsiri altında qaldığımız üçün əksəriyyətimiz spirtli içki içir:

“Araq qaraciyərə, böyrəklərə, mədəaltı vəzə çox ziyan verir. Birincisi içki içmə, əgər içirsənsə, yaxşı araq iç. El arasında “çubuş” adlandırdığımız araqlar insan orqanizminə ziyandır. Mən də demişəm ki, özümüzün hazırladığımız bu təmiz araqdan için. Deyirlər ki, Rəşid müəllim varlanıb. Mən özüm-özümü yaxşı tanıyıram, ağızlarına nə gəlir yazırlar, qoy yazsınlar. Mən xalqıma bunu deməliyəm. Həftədə 250 qram araq içmək olar”.

Həkim qeyd etdi ki, bu çıxışına görə zavod rəhbərliyindən pul almayıb:

“Bu reaksiyalar insanlarımızın nə qədər savadsız olduğunu ortaya qoyur. Deyirlər ki, Rəşid müəllim arağı reklam edir. Mən o işlərə getmərəm, özümü yaxşı tanıyıram. Pul versələr, alaram, amma bir manat da almamışam. Neyləyim, acından ölüm? Siz verirsinizmi, məni yaşadırsınızmı? Bir manat rüşvət almamışam, amma hamınız “moşennik”siniz".

Vasif ƏLİHÜSEYN