Azərbaycan səhiyyəsində yeni trend: Özünü "uzman" adlandıran həkimlərə inanaqmı?

 12:52 20.04.2025     126

Son illər Azərbaycanda adının qarşısına "uzman” sözünü yazıb, özünü fərqli imic və statusla təqdim edən həkimlərin sayı xeyli artıb. Sosial şəbəkələrdə, televiziya efirlərində uzman həkim təqdimatı ilə neçə-neçə tibb mütəxəssisinə rast gəlmək mümkündür. Hətta səhhətində problem yaranan insanların istədikləri ixtisas üzrə "uzman həkim” tapmasına köməklik göstərən saytlar da mövcuddur.

Araşdırmalar nəticəsində məlum oldu ki, bəzi dövlət qurumlarının rəsmi materiallarında uzman sözünə rast gəlinir.

Türkiyədə tibb təhsil sistemində istifadə olunan bu termin dilimizdə niyə bu qədər geniş yayılıb? Bu ifadə hansı məqsədlə istifadə olunur? Uzmanlar bu adı daşımayan həkimlərdən nə ilə fərqlənirlər? Tibb qurumlarında uzmanlarla bağlı siyahı mövcuddurmu? Bu adı həkimlərə hansı qurum verir? Həkimlərin özlərini belə adlandırması nə dərəcədə doğrudur? Bu "özbaşına adlandırma” məsuliyyət yaradırmı?

Qanun nə deyir?

Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilib. Bu qaydalar "Təhsil haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanıb və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir.

Bu Qaydalar rezidenturada hazırlığın səviyyəsinə ümumi tələblər qoymaqla, yüksəkixtisaslı həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə respublikanın ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və respublikada verilən tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır.

Qaydalar ölkədəki bütün ali tibb təhsili, elmi və tibb müəssisələrinə şamil edilir və rezidenturada təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir. Bu Qaydaların məqsədləri üçün rezidentura, rezident, kurator, klinik baza, stajorluq, klinik hal kimi anlayışlardan istifadə edilir.

Rezidenturanı bitirən şəxslərə ixtisası üzrə "həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi verilir.

Ötən ilin dekabrın 3-də Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən qaydalarda dəyişiklik edilib, belə ki, rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti ləğv edilib.

Qanunda "uzman həkim” anlayışı yoxdur

Səhiyyə Nazirliyindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə rezidenturada təhsili almış şəxslər, habelə xarici ölkədə aldıqları ali ixtisas tibb təhsili (uzmanlıq və s.) əsasında ölkə ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxılan şəxslər müvafiq ixtisaslar üzrə həkim-mütəxəssis ali-peşə ixtisas dərəcəsinə malik olan şəxslərdir.

Nazirlik vurğulayıb ki, qanunvericiliyimizdə "uzman həkim” anlayışı mövcud deyil.

Onlar uzmandırsa, bəs İngiltərədən gələnləri necə adlandıraq?

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı teleqraf.az-a danışan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudovun sözlərinə görə, qanunvericiliyimizdə, eləcə də Səhiyyə Nazirliyinin normativləri çərçivəsində "uzman həkim” ifadəsi rəsmən tanınmır.

"Bu sözdən Türkiyədə istifadə olunur, dilimizə tərcümədə mütəxəssis deməkdir. Bu təkcə həkimlik üçün deyil, istənilən bir sahənin tam formalaşmış mütəxəssisi anlamına gəlir. Eləcə də həkimlər üçün. Ölkə qanunvericiliyində həkim rezidentdən sonrakı 2-ci mərhələ, yəni uzman həkimə ekvivalent olan mərhələ mütəxəssis həkim anlamına gəlir. Buna görə də dövlət müəssisələrində, rəsmi yazışmalarda uzman sözünün istifadəsi lazımlı görünmür. Bu sözün Azərbaycan dilində qarşılığı varsa, onun istifadəsi daha məqsədəuyğundur. Əgər qardaş ölkədən gələn mütəxəssislər uzmandırsa, onda Almaniyadan gələnlər xəstəxanalarda adlarının qarşısına oranın standartlarına uyğun sözlər qoysalar və ümumi tibb universitetini İngiltərədə bitirib gəlmiş insan GP (General Practition-red) terminini istifadə etsə, bunun axırı necə olar? Bu qəbuledilməzdir”, - həkim deputat bildirib.

R.Mahmudov tövsiyə edib ki, əgər həkim öz xəstəsinə harada təhsil alması, ümumiyyətlə, əmək fəaliyyətinə qədər olan təhsili ilə bağlı məlumat vermək istəyirsə, aldığı diplomları iş otağında asa bilər.

"Bu gün nəticə olaraq, Azərbaycanda uzman həkim ifadəsi rəsmi olaraq tanınmasa da, son zamanlarda geniş istifadəsi elə həkimlərin özləri tərəfindən məhdudlaşdırılsa və ölkəmizin standartlarına uyğunlaşdırılsa daha məqsədəuyğun olar”, – deputat vurğulayıb.

Azərbaycan Tibb Universitetinin tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov bildirib ki, tibb təhsilinin davamı olaraq bizdə olan rezidenturanı Türkiyədə uzmanlıq təhsili olaraq alanlara uzman həkim deyilir. "Bu müraciət forması bundan qaynaqlanır”.

Bizdə rezidentura Türkiyədə uzmanlıq

Türkiyədə uzmanlıq təhsili alan həkim infeksionist Vasif Əliyevin sözlərinə görə, bu statusun Azərbaycanda qarşılığı rezidentura təhsilidir.

"Yəni bizdəki rezidentura Türkiyədə uzmanlıq adlanır. Azərbaycanda bu ifadə o zaman işlənir ki, həkim Türkiyədə təhsil alır və uzmanlıq diplomuna yiyələnir.

Tibb Universitetini bitirdikdən sonra əlavə ixtisas üçün imtahanlar verilir və imtahana uyğun ixtisas seçdikdən sonra 4-6 illik təhsil davam edir. Hətta yan dal uzmanlığı da var, onun üçün əlavə 3 il də təhsil almalısan. Bitirdikdən sonra diplom üzərində uzman sözü yazılır. Uzman işinin peşəkarına deyilir, Azərbaycan dilində qarşılığı mütəxəssis deməkdir”, - deyə əlavə edib.

Buna görə insanlar Türkiyəyə üz tutur

V.Əliyev hazırda Türkiyədə rezidentura təhsilinin Azərbaycandakı rezidentura təhsilindən daha güclü və faydalı olduğunu, orada daha çox təcrübə əldə etməyin mümkün olduğunu deyib:

"Məhz buna görə insanlar Türkiyəyə üz tuturlar. Azərbaycandakı həkimlər məhz Türkiyədə təhsil aldıqlarını bildirmək üçün uzman sözündən istifadə edirlər. Arzu edirəm, rezidentura təhsili bizdə də elə səviyyədə olsun ki, Türkiyədə təhsil alıb gələnlər bu sözü işlətməyə ehtiyac duymasınlar və sadəcə özlərini həkim-mütəxəssis adlandırsınlar. Şəxsən mən Türkiyədə uzmanlıq təhsili alsam belə, hər hansı layihədə iştirak edərkən özümü sadəcə həkim-infeksionist kimi tanıdıram. Amma təbii ki, bu sözdən istifadə edənlərdə də qəbahət görmürəm, çünki Türkiyədə aldıqları təhsilə əsasən bu sözü işlədə bilərlər”.

Diaqnoz Tibb Mərkəzinin allerqoloqu Şahvələd Məmmədovun sözlərinə görə, indi Türkiyə təhsili alanlar uzman olduğu kimi, əvvəllər də Rusiya təhsili alanlar ordinator adlanırdılar:

"Mən vaxtilə 1993-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) allerqologiya şöbəsində klinik ordinatura adlı ştat keçmişəm. Bu da Rusiyadan gələn təhsil növü idi. O zamanlar da bizə ordinator deyərdilər.

Türkiyədə yüksək səviyyəli tibbi təhsil alıb, uzman kimi qayıdanların, hətta müxtəlif ixtisaslardan olan bir sıra uzmanların fəaliyyəti insanlar tərəfindən müsbət qarşılanır. Onların uzman kimi tanınması reytinqlərini daha da artırır. Bizim kimi digər ixtisaslı həkimlərin vəziyyətinə gəldikdə, əlbəttə, insanların düşüncəsində belə bir fikir formalaşır: "Uzman hara, praktiki həkim hara...”

Türkiyədə uzmanlıq təhsili almış həkimlərin maaşı digərlərindən necə fərqlənir?

Mövzu ilə bağlı araşdırma aparanda məlum oldu ki, uzman həkimlərin qəbul ödənişi minimum 50-60 manatdan başlayır. Qeyri- uzmanların isə qəbulu bəzi özəl klinikalarda 50 manata qədərdir. Dövlət səhiyyə ocaqlarında uzman həkimlərin maaşlarının ən azı 4 mindən, uzman olmayanların isə 500-dən başladığına dair məlumatlar var.

Ş.Məmmədov bildirib ki, dövlət müəssisələri ilə özəl müəssisələrin maaşları arasında, ümumiyyətlə, müəyyən fərqlər olur. "Uzman və uzman olmayan həkimlərin maaş fərqlərinə gəlincə, dövlət müəssisələrində fərq olmalıdır, amma bu barədə konkret cavab verə bilməyəcəm”.

Səhiyyə Nazirliyindən bildirilib ki, dövlət tibb müəssisələrində çalışan həkimlərin maaşları "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən verilir.

"Ona görə də bu mövzu ilə bağlı suallara onlar cavab verə bilərlər”.

Məsələ ilə bağlı İTSDA-dan sorğumuza cavab olaraq bildirilib ki, "TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən ixtisas həkimlərin əməkhaqları aylıq vəzifə maaşı, sabit həvəsləndirici əlavə, işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə (bonus) və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir.

"Belə ki, ixtisas həkimlərin əməkhaqları iş stajına görə aylıq vəzifə maaşı 550-870 manat arasıdır. Bununla yanaşı, onlara hər ay 800 manat sabit həvəsləndirici əlavə və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr (bonus) ödənilir. Bonuslar verilərkən həkim tərəfindən 300-700 pasiyentin müayinəsi və cərrahi prosedurlara görə əlavələr hesablanır”.

Agentliklərdən həmçinin vurğulanıb ki, qaydaya əsasən həkimlərə qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər də şamil olunur. Bu ödənişlərə sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə, ixtisas dərəcəsinə görə əlavə, fasiləsiz əmək stajına görə əlavə, gecə vaxtı yerinə yetirilən işə görə əlavə, əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə, işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavələr daxildir.

"Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə agentliyimiz tərəfindən "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” həyata keçirilib. Proqramın müddəti daha 1 il uzadılaraq 2024-cü ildə də davam edib. Proqram çərçivəsində xarici ölkələrdə təhsil almış müxtəlif ixtisaslar üzrə həkim-mütəxəssislər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsində işə qəbul edilib.

Proqrama əsasən cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunur. Habelə, sözügedən həkimlərə aylıq vəzifə maaşı da şamil olunur.

Sözügedən proqram müddəti başa çatan həkim-mütəxəssislər iş fəaliyyətini davam etdirir və onlara "TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən aylıq vəzifə maaşı, sabit həvəsləndirici əlavə, işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə (bonus) və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər hesablanır”, - məlumatda qeyd olunub.

Tibb qurumlarında uzmanlarla bağlı siyahı mövcuddurmu?

Uzman həkimlərin sayı ilə bağlı qurumlara müraciət etdikdə, Səhiyyə Nazirliyi bu siyahının Dövlət Statistika Komitəsində ola biləcəyini deyib. Lakin Dövlət Statistika Komitəsindən Teleqraf-a bildirilib ki, onlarda belə bir siyahı mövcud deyil.

"Bizdə yalnız ümumi həkim siyahısı var”.

İTSDA isə yalnız "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ından keçən həkim-mütəxəssislərin sayını açıqlaya biləcəyini deyib.

"Sözügedən proqramda keçən 48 həkim-mütəxəssis hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışır”.

Bu "özbaşına adlandırma” məsuliyyət yaradırmı?

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Tural Musayev bildirib ki, Türkiyədəki uzmanlıq təhsili Azərbaycanda rezidenturaya ekvivalentdir. Ona görə də qardaş ölkədə uzmanlıq təhsili almış həkimlərin özlərini "uzman həkim” adlandırmalarında qanunsuzluq yoxdur.

Onun sözlərinə görə, Azərbaycanda 6 il tibb fakültəsində oxuyanlar baza təhsili alırlar, daha sonra rezidenturada müvafiq ixtisas üzrə təkmilləşirlər.

"Türkiyə təhsil sistemində isə bizim istifadə etdiyimiz rezident termini "uzman” ilə əvəz edilir. Yəni onlarda baza təhsilindən sonrakı təhsil uzmanlıqdır. Şübhəsiz ki, xəstəxanaya gələn pasiyentə ixtisas həkimi təqdim olunmalıdır. Bu xəstələrin və onların yaxınlarının hüquqlarını qorunması baxımından da vacib nüansdır. Əgər Səhiyyə Nazirliyi xaricdə təhsil alan həkimin diplomunu tanıyıbsa və ona müvafiq ixtisas üzrə şəhadətnamə (ekvivalentlik sənədi) veribsə, həmin həkimlər Azərbaycanda praktiki tibbi fəaliyyət göstərə bilərlər. Bunun üçün eyni zamanda, sertifikasiyadan keçmək lazımdır. Kimsə bu sənədləri almayıbsa, əlbəttə, onlar həmin sahənin mütəxəssisi-uzmanı deyillər. Bu isə pasiyent hüququnun pozulması halıdır. Əgər xaricdə tibb təhsili ilə bağlı diplom tanınırsa, burada qanun pozuntusu yoxdur”, - vəkil söyləyib.