“Atam babamın taleyini yaşadı...” – Milli Qəhrəmanın qızı

 13:42 22.04.2025     619

“Bu gün 5 qız övladından sonra Allahın ən gözəl payı qismət olub. Teymur babamın, Zümrüd nənəmin ailəsində adına neçə qurban deyilib”.

Bunu Redaktor.az-a açıqlamasında bu gün doğum günü olan Milli Qəhrəman Allahverdi Bağırovun qızı, Dövlət Sərhəd Xidmətinin Tibb xidməti kapitanı Aynur Bağırova deyib.

O, atasının babasının taleyini yaşadığını bildirib:

 “Atama 1918-20-ci illərdə qəhrəmanlıqla döyüşüb həlak olan Allahverdi babasının adı verilib. Atam da bu igid babasının taleyini yaşadı və bütün xalqımızın yaddaşında əbədi iz qoydu”.

A.Bağırova atası şəhid olan zaman 8 yaşında olduğunu deyib:

“Atam şəhid olanda mənim 8, Zümrüdün isə 6 yaşı vardı . Müharibədən əvvəl də o sözübütöv, cəsur, haqqı nahaqqa verməyən, kasıba əl tutan, Ağdamı çox sevən bir insan olub. Məhz elə vətənpərvərliyi onu elin dar günündə el obasının əziyyetini çəkməyə sövq etdi.

Xocalıdan gələn ana-bacılara, ata və qardaş oldu. Bizim üçün böyük fəxrdi ki, belə bir qəhrəmanın qızlarıyıq. Eyni zamanda, dünyanın ən ağır dərdini ürəyimizdə daşıyırıq . Belə igid atan ola və sən onu ürəyin istəyəndə görə bilməyəsən, mənim üçün bundan böyük acı, dərd yoxdu”.

Milli Qəhrəmanın qızı torpaqlarımızın işğaldan azad edilməsinə görə, ölkə başçısına minnətdarlıq edib:

“Bu gün biz onun qəbrini rahatlıqla gedib ziyarət edə biliriksə, bu onun layiqli davamçılarının, eyni zamanda Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyevin sayəsindədir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin”.

Vasif ƏLİHÜSEYN

Vumart və Güvən reklamı Vumart Güvən