Spikerdən Səyyad Arana etiraz: "Siz nə danışırsınız?”

“Nə isə yaddan çıxıb qalıb ki, indi bu qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır. Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?"
Redaktor.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Səyyad Aran deyib.
Onun sözlərinə görə, abidələrin bir çoxu uçub-dağılır.
"Hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrin sarayında gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik. Abidələri pasportlaşdırdıq, sonra nə olsun?", - deyə S.Aran sual edib.
Milli Məclisin sədri Sahibə Qafarova isə millət vəkilinin çıxışına etiraz edib:
“Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilsin? Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır? Siz nə danışırsınız?”