“Bir çox hallarda dövlət qulluğuna müsahibələr formal xarakter daşıyır" - Fazil Mustafa

"Hesablama Palatasında dövlət qulluğuna qəbul olduqca şəffaf keçirilib. Mən düşünürəm ki, bunun digər orqanlara da tətbiq edilməsi vacibdir. Çünki hər bir qurumun əsas işi peşəkarlıq səviyyəsi ilə, orada dövlət qulluğunda olan insanların öz vəzifə məsuliyyətini dərk etməsi ilə bağlıdır".
Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı bildirib.
Millət vəkili həm müsabiqənin müsahibə mərhələsində, həm də ehtiyat kadrların təyinat mərhələsində kifayət qədər çatışmazlıqların olduğunu da qeyd edib.
"Bir çox hallarda bu müsahibələr formal xarakter daşıyır. Bunun kökündə dayanan əsas məsələ müqaviləli işçi himayədarlığı problemidir. Orqan rəhbərlərinin belə qanunsuzluqlara cəhd etməsinin qarşısında əsas məqsəd həmin saxta və qeyri-leqal yollarla xüsusi tanış və tapşırıqla vəzifələri ələ keçirən müqaviləli şəxsləri saxlamaqdır. Təsəsvvür edin ki, şəxs müsabiqədə qalib gəlir, ən yüksək bal taplayır və müsahibədə müqaviləli şəxslərə uduzur. Ömrünü-gününü həsr edib dövlət qulluğunda yer almağa çalışan bir vətəndaş bu mərhələni aşa bilmir. Hesablama Palatası özünün təsdiq etdiyi bu meyarları, prinsipləri təbliğ etməlidir ki, başqa qurumlar da buna əməl etsin. Milli Məclis də də bu şəffaflıq təmin ediliyinə görə kifayət qədər keyfiyyətli kadrlar Aparatda təmsil oluna bildilər. Mən təklif edirəm ki, maraqlı orqanın təmsilçiləri komissiyadan çıxarılmalıdır, buraya tamamilə neytral insnalar cəlb edilmlidir. Ehtiyat kadrların təyinatı məsələsində də iki illik müddət bir də nəzərdən keçirilməlidir. Adamı ehtiyata salırlar, sonra iki il iş də vermirlər, yaxşı olardı ki, bu səlahiyyət Dövlət İmtahan Mərkəzinə verilsin, vakant yerlər olduqda müvafiq dövlət qurumuna göndərilsin".