Növbəti köç karvanı Xocalı şəhərinə çatdı - YENİLƏNİB

 13:23 28.04.2025     298

Aprelin 28-də səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

Redaktor.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 33 ailə olmaqla, 137  Xocalı sakini öz yurduna qovuşub.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, 
yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Xocalıya köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb. O, çıxışında bu günün tarixi və qürurverici gün olduğunu deyib.Bildirib ki, uzun illər boyu həsrətində olduğumuz doğma Xocalıya növbəti köçün gerçəkləşməsinə şahidlik edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində doğma torpaqlarımıza geri dönüşümüz reallığa çevrilir. Bu təkcə ailələr üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük sevinc və qürurdur. Çünki Xocalının dirçəlişi, burda həyatın yenidən canlanması bir zamanlar işğal altında olan torpaqlarımızda bu gün üçrəngli bayrağımızın dalğalanması, dövlətimizin gücünün və xalqımızın əzminin bariz nümunəsidir. Siz doğma torpaqlara qayıdaraq tarix yazırsınız. Bugünkü köç yalnız bir köç deyil, həm də yenidən qurulacaq, çiçəklənəcək Xocalının başlanğıcıdır. 
"Böyük Qayıdış" dövlət proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə böyük tikinti quruculuq işləri də həyata keçirilir. Köç prosesi Xocalının Ballıca kəndində də mərhələli şəkildə aparılır. İndiyədək Xocalı şəhərində 85 ailənin, yəni 341 nəfərin, Xocalının  Ballıca kəndində  isə 157 ailə, 743 nəfərin daimi məskunlaşması təmin edilib.

09:00

***

Xocalı şəhərinə daha 33 ailə (137 nəfər) köçürülüb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, Bakı şəhərindən 15 ailə (65 nəfər); Goranboy rayonundan 7 ailə (30 nəfər); Abşeron rayonundan 3 ailə (12 nəfər); Ağcabədi rayonundan 2 ailə (7 nəfər); Sumqayıt şəhərindən 2 ailə (6 nəfər); Gəncə şəhərindən 1 ailə (6 nəfər); Qobustan rayonundan 1 ailə (5 nəfər); Şirvan şəhərindən 1 ailə (4 nəfər); Mingəçevir şəhərindən 1 ailə (3 nəfər) yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə (341 nəfər) çatacaq.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

2222