“Onların iş yeri və maaşı 6 ay saxlanılacaq”

“Sertifikasiya imtahanlarında yaxşı nəticə əldə etməyən işçinin işini davam etdirib-etdirməyəcəyi sual doğururdu”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsi, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, bu isə tibb işçilərinin haqlı narazılığına səbəb olurdu: “Bu gün müzakirə etdiyimiz dəyişikliklərdən sonra qanunlara, o cümlədən Əmək Məcəlləsinə yeni anlayış gətirilir. Bu, davamlı peşəkar inkişaf anlayışıdır. Sertifikasiya imtahanlarında uğur qazanmayan işçilərin 6 ay iş yeri və əməkhaqqı saxlanılacaq və 6 ay sonra həmin işçilər yenidən imtahan verəcəklər. Bu dəyişikliklərin qəbul olunmasının həm tibb işçilərinin əmək hüquqlarının qorunmasında, həm də onların iş keyfiyyətinin yaxşılaşmasında, peşəkarlığının yüksəlməsində böyük əhəmiyyəti olacaq" (APA).