"Dünya memarlığında bu üslubda məscid tikintisinə uzun müddətdir rast gəlinmirdi" - Memar Heydər məscidi barədə qərardan DANIŞDI

"Azərbaycan memarlıq salnaməsində öz sözünü deyən yeni tikilən binalar arasında Heydər Əliyev məscidinin böyük rolu vardır"
Bunu Redaktor.az-a açıqlamasında tanınmış memar Cahid Həsənov Heydər məscidinin memarlıq abidəsi siyahısına salınmasına münasibət bildirərkən dedi.
"Bu məscid yüz il əvvəl inşa olunan dini üslublu tikililərin davamı kimi öz sözünü deyib. Məscidin memarlıq abidəsi statusu almasına səbəb olan əsas amil ondan ibarətdir ki, burada istifadə olunan milli ornamentlər və milli üslub Azərbaycan ərazisində tarix boyu tikilmiş nəinki məscidlərdə, həm də digər tikililərdə yerli klassik memarlarımızın yaratdığı stil və formulları əks etdirir.
Bu məsciddə bütün detallar – milli ornamentlər, şəbəkələr – bir araya gələrək özünü aydın şəkildə nümayiş etdirə bildirib. Məscidin ən üstün cəhətlərindən biri də geniş ibadət zallarının olmasıdır ki, bu da çox sayda dindarın burada rahatlıqla ibadət etməsinə şərait yaradıb. Həm məscidin fasadındakı gözəllik, həm də daxilindəki genişlik bir-biri ilə vəhdət təşkil edir. Tikilinin ən bariz nümunələrindən biri də onun yerləşdiyi məkanın uğurla seçilməsidir. Məscid geniş ərazidə, hündürlükdə inşa olunub və burada landşaft memarlığı ilə memarlıq vəhdət təşkil edib. Bu yalnız həyətyanı sahənin genişliyi ilə bağlı deyil, eyni zamanda insan amili üçün hər cür və hərtərəfli şəraitin yaradılması ilə də əlaqəlidir", - deyə həmsöhbətimiz bildirdi.
Memar qeyd etdi ki, Heydər Əliyev məscidinin memarlıq abidələri siyahısına salınması gözlənilən hal idi.
"Bu məscid nəinki Azərbaycan memarlığı üçün, həm də dünya miqyasında dini ayin tikililəri – xüsusilə məscid memarlığı – sahəsində bir memarlıq abidəsi kimi qəbul olunub. Bunu həm yerli, həm də dünya memarlarının rəyləri sübut edir. Çünki dünya memarlığında və şəhərsalmasında bu üslubda məscid tikintisinə uzun müddətdir rast gəlinmirdi.
Heydər Əliyev məscidi bu formatda, belə zəngin və milli üslubda, klassik memarlıq ənənələrini təkcə məscid tikililərində deyil, həm də məqbərələrdə rast gəlinən incəlikləri özündə əks etdirərək nümayiş etdirir", - deyə Cahid Həsənov vurğuladı.
Xədicə BAXIŞLI