"Pezeşkian bu fürsətdən bir Azərbaycan türkü olaraq məharətlə istifadə etdi" - Seyran Səxavət

"Mədəniyyətin və ədəbiyyatın millətlərin yaddaşında oynadığı rol, zaman-zaman siyasət meydanında da özünü göstərir. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı "Heydərbabaya salam" şeirini səsləndirməsi də məhz belə anlardan biri oldu".
Bu barədə Redaktor.az-a açıqlamasında yazıçı Seyran Səxavət İran Prezidenti Məsud Pezeşkianın Bakıda məşhur Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini səsləndirməsi barədə danışarkən dedi.
Onun fikrincə, Pezeşkianın "Heydərbabaya salam" şeirini səsləndirməsində qeyri-adi, fövqəladə bir şey yoxdur.
"Sadəcə olaraq, Pezeşkian bir daha o taylı-bu taylı Azərbaycanı xatırlatdı, yadımıza saldı ki, biz bir obayıq, bir xalqıq. Bu, yaddaşı təzələmək üçün tarixi bir fürsət idi. Pezeşkian isə bu fürsətdən bir Azərbaycan türkü olaraq məharətlə istifadə etdi və gördük ki, bu addım iştirakçılar tərəfindən də böyük razılıqla qarşılandı", - deyə Seyran Səxavət bildirdi.
Xədicə BAXIŞLI